Mehriban Xanlarova: "Narkomaniyaya qarşı mübarizə aparmaq üçün onun törətdiyi fəsadlarla bağlı güclü təbliğata ehtiyac var”
Ölkəmizdə narkomaniyaya qarşı mübarizə aparılsa da, bu bəlaya düçar olan yeniyetmə və gənclərimizin sayı artmaqdadır. Əksər ekspertlər bu fikirdədir ki, narkomaniyanın qarşısını yalnız əməliyyat-axtarış və cinayət-hüquqi tədbirlərin keçirilməsi ilə almaq mümkünsüzdür, cəmiyyətdə maarifçilik yükünü daha da artırmaq lazımdır. Şübhəsiz, burada orta və ali məktəblərdə aparılan maarifləndirici tədbirlərlə yanaşı, mədəniyyət ocaqlarımızın da mühim təsiri ola bilər.
Odur ki, Stopnarkotik.az-ın əməkdaşı Akademik Dövlət Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova ilə bu mövzu ətrafında söhbət aparıb.
Mehriban xanım hesab edir ki, narkomaniyaya qarşı mübarizə aparmaq üçün ilk öncə törətdiyi fəsadlarla bağlı güclü təbliğat aparmaq lazımdır: “Sosial şəbəkələrdə, mətbuatda, televiziya kanallarında güclü təbliğat aparmağa ehtiyac var. Narkotik vasitələrin bütün istifadəçiləri necə bataqlığa sürüklədiyini yeniyetmə və gənclərimizə çatdırmalıyıq. Narkotikin insanı "ağ ölüm”ə apardığını ön plana çıxarmaq lazımdır”.
Əməkdar artist deyir ki, bu məsələdə tanınmış insanların da dəstəyindən yararlanmaq mütləqdir: “Tanımış şəxslərin şöhrətindən istifadə edilməlidir. Onlar bu məsələnin fəsadlarını ictimaiyyətə çatdıra bilərlər. Ümumiyyətlə, bizdə reklam sahəsi çox zəif inkişaf edib. Türkiyədə və başqa ölkələrdə ictimaiyyətə hər hansı bir mesajı ötürmək istəyəndə, televiziya kanalları üçün reklam çarxları hazırlanır, cəmiyyətə çatdırılır. Biz də bu təcrübədən yararlanmalıyıq”.
M. Xanlarova deyir ki, narkotik satan şəxslər ömürlük həbsə məhkum olunmalıdır: “Yəni bu mövzu ilə bağlı maarifləndirici addımlar atmaqla yanaşı, qanunların da sərtləşdirilməsi lazımdır. Məsələn, narkotik istifadə edən bir şəxs müalicə almasına baxmayaraq, yenə bu işlə məşğul olursa, birbaşa cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Narkotik satan şəxslər isə ömürlük həbs olunmalıdır! Onlar camaatı zəhərləyib, 5-10 il içəridə yatandan, yaxud aldığı cəzanı kimlərəsə rüşvət verib yarıya endirərək çölə çıxandan sonra, yenə də həmin işlə məşğul olacaqdır, heç nə dəyişməyəcək. Bu səbəbdən, narkotik satan şəxslər ömürlük həbsə məhkum olunmalıdırlar”.
Mehriban xanım onu da dedi ki, indiki dövrdə valideynlər də övladlarını nəzarətsiz qoymamalıdır: “Orta məktəblərdə, universitetlərdə ciddi nəzarət lazımdır. Çünki narkotik satan şəxslər daha çox gənclərimizi hədəf seçir. Ona görə, valideynlər övladlarını nəzarətsiz qoymamalıdır.
Və burdan bütün gənclərimizə demək istəyirəm ki, həyatda ən yaxın dostunuz ailəniz olsun! Başınıza hər hansı bir hadisə gəlirsə-gəlsin, mütləq ailənizlə bölüşün. Kiminlə dostluq etdiyinizə fikir verin. Mövlananın çox gözəl bir sözü var: “Qarğa zibilliyə, bülbül çəmənliyə aparar”. Bu səbəbdən, həyatınızda olan insanları düzgün seçin”.
Mehriban Xanlarova da hesab edir ki, narkomaniyanın zərərləri ilə bağlı orta məktəblər üçün ayrıca dərslik də hazırlanmalıdır: “Təhsil müəssisələrində çalışan psixoloqlar şagirdlə, tələbəylə tez-tez ünsiyyətdə olmalıdır. Hər birini yaxından tanımalıdır. Xoşuna gəlməyən hal olanda, mütləq valideynlərə xəbərdarlıq etməlidir. Çox təəssüf ki, bəzi psixoloqların təhsil müəssisələrində adı var, özü yoxdur.
Üstəlik, narkomaniyanın zərərləri ilə bağlı ayrıca dərslik hazırlanmalıdır. Həmin dərsi isə, psixoloqlar öz öhdəsinə götürməlidir”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az