“Ağır narkotiklə hərbi xidmətdə olduğum zaman tanış oldum”
“Dəfələrlə narkoloji dispanserə yatırılsam da, hər dəfə bir yolunu taparaq qaçmağı bacardım”
Emin Bakının “Sovetski” məhəlləsində yaşayıb. Hazırda 26 yaşı var. 8 il ağır narkotik istifadə edib. Artıq 6-cı aydır ki, “ayıq”dır.
“Stop narkotik”ə həyatını danışan müsahibimiz bildirir ki, 16 yaşından yüngül narkotik istifadə etməyə başlayıb. Ağır narkotiklə isə əsgərlikdə “tanış olub”. Dediyinə görə, uşaqlıqdan nevroloji travmaları olduğuna görə, öncə hərbi xidmətdən azad olunub. Lakin yaşadığı mühitdən bir müddət aralı qalması üçün könüllü olaraq əsgərliyə getməyi qarşısına məqsəd qoyub. Səhhətindəki problemə baxmayaraq, onun müraciətinə “yox” deyilməyib.
Lakin narkotikdən “qaçmaq” üçün hərbi xidmətə getsə də, bu pis vərdişindən burada da əl çəkə bilməyib. Əksinə, əsgərlikdə olduğu müddətdə daha ağır narkotiklərdən istifadə etməyə başlayıb.
2018-ci ildə hərbi xidmətdən qayıdan həmsöhbətimizin sözlərinə görə, bundan sonra bir müddət ağır narkotiki dərmanlarla əvəzləyib.
2020-ci ildə İkinci Qarabağ Müharibəsi başlayanda könüllü olaraq savaşa gedib. 44 günlük müharibədə sonadək iştirak edən Emin, bu müddət ərzində yenə də narkotik istifadə etməyə başlayıb. Deyir ki, müharibədən döndükdən sonra savaşda aldığı travmalar səbəbindən, yenidən ağır narkotiklər istifadə edib.
Savaşdan qayıtdıqdan təxminən, 5-6 ay sonra ailəsi narkotik istifadə etdiyini bilib. Bundan sonra müalicə olunması üçün dəfələrlə narkoloji dispanserə yatırılsa da, hər dəfə cəmi 2-3 gün qalıb və bir yolunu taparaq qaçmağı bacarıb.
Müharibədə göstərdiyi şücaəti ilə əlaqədar 5 medalla təltif olunan Emin bildirir ki, narkotik almaq üçün dəfələrlə həmin medalları satmaq fikrinə düşsə də, valideynləri gizlətdiyi üçün onları tapa bilməyib.
O, danışır ki, narkotik almaq üçün dəfələrlə oğurluğa da əl atıb. Hətta, bu səbəbdən polis tərəfindən saxlanılıb da. Lakin ailəsi onu həbsdən xilas etməyi bacarıb.
Daha sonra ailəsini tərk edərək tanıdığı narkomanlarla birgə küçə həyatı yaşayıb, parklarda, binaların zirzəmilərində gecələməyə başlayıb. Emin bu müddət ərzində “cəhənnəmi yaşadığını” bildirir.
“Mən ilk dəfə narkotik istifadə edərkən bilmirdim ki, bunları yaşayacam, belə fəsadları olacaq”, - deyən müsahibimiz hazırda “Sağlam yaşa” Reabilitasiya Mərkəzində müalicəsini davam etdirir və narkotikə meyl edən yeniyetmə və gənclərimizi bu bəladan uzaq durmağa çağırır.
Buyurun, Eminin həyat hekayəsini onun öz dilindən eşidin.
Stopnarkotik.az