Artıq xəbər verildiyim kimi, Tramp Florida ştatından olan konqresmen Mayk Uoltsa özünün milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini təklif edib. Bu, xüsusilə də xarici siyasət məsələlrində olduqca əhəmiyyətli postdur.
Co Bayden administrasiyasında bu vəzifəni Ceyk Sallivan daşıyır. Məhz Sallivan Bayden administrasiyasının ABŞ-nin Ukrayna müharibəsilə bağlı qorxaq, dişsiz və riyakar siyasətinin əsas “beyin mərkəzi” sayılır. ABŞ mətbuatı hətta onun və Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Uilyam Börnsün Kremllə gizli anlaşmalarına dair sensasiyalı məlumatlar yaymışdılar. Mətbuat yazıb ki, həmin anlaşmalara görə, Kremlin hərbi müdaxiləsini Ukraynadan kənara, Avropaya keçirməməsi qarşılığında ABŞ Ukraynaya dəstəyini məhdudlaşdırmağı, o cümlədən Rusiyanın dərinliyinə raket zərbələri endirməyə icazə verməməyi vəd edib.
Trampın milli təhlükəsizlik üzrə müşavir vəzifəsini təklif etdiyi Mayk Uolts isə Sallivandan tamamilə fərqli reputasiyaya malikdir. Uoltsu Reüspublikaçılar partiyasının “şahinlər”, yəni, döyüşkən qnadına aid edirlər. O, bir müddət əvvəl mətbuata açıqlqmasında Trampın Rusiya və Ukrayna nümayəndələrini danışıqlar masası arxasına gətirmək üçün dəqiq planının olduğunu bildirmişdi. Kubalı mühacirlər ailəsindən çıxan Uolts öz imicini dünyada avtoritar hökumətlərin devrilməsini dəstəkləmək üzərində quran siyasətçidir.
O, ABŞ ordusunun veteranı və Konqresə seçilən ilk “Yaşıl beretli”dir (ABŞ-nin elit Xüsusi Əməliyyat Qüvvələrində xidmət edib). Uolts Pentaqonda məsləhətçi kimi təcrübəyə malikdir və həmçinin müdafiə sektorunda fəaliyyət göstərən şirkətlərin birində menecer kimi çalışıb.
Nümayəndələr Palatasında o, Çinlə qarşıdurmaya və Çin resurslarından asılılığı azaltmağa diqqət yetirir. Uolts Respublikaçılar Partiyasında ABŞ-nin Çin siyasətində zəiflik göstərməsinin ən sərt tənqidçilərindən biri hesab olunur.
Həmçinin, Uoltsun öncəki Tramp administrasiyasında təcrübəsinin olmamasına baxmayaraq, yenidən seçilən gələcək Ağ Ev sahibi ilə dostluq münasibəti var. Məhz o, “Fox News”-dakı çıxışları zamanı Trampı şiddətlə müdafiə edib və ona milli təhlükəsizlik məsələlərində məsləhətlər verib.
Nəhayət, Uolts ABŞ-nin Ukraynaya dəstəyinin davam etdirilməsinin tərəfdarıdır. Lakin gələcək müşavir Amerika vergi ödəyicilərinin bu yardıma ayrılan pullarının xərclənməsinə ciddi nəzarətin vacibliyini vurğulayır.
Trampın daha bir strateji posta – Dövlət katibi vəzifəsinə irəli sürdüyü bildirilən Marko Rubio da Respublikaçılar Partiyasının “şahinlər” qanadına aiddir. O, hətta Uoltsdan da sərt və Ukraynapərəst mövqeyilə seçilir.
Senatda Kəşfiyyat Komitəsinin sədr müavini, eyni zamanda Xarici Əlaqələr Komitəsinin yüksək rütbəli üzvü olan Florida ştatının senatoru Marko Rubio ABŞ-nin Dövlət katibi kimi Trampın xarici siyasətinə görə əsas cavabdeh şəxs olacaq. İndi onun namizədliyi həmkarları, xüsusən də Florida ştatından olan digər senator Rik Skott tərəfindən açıq şəkildə dəstəklənir və təsdiqlənir. "O (Rubio) dünyada Amerika liderliyini bərpa edəcək" deyən Skott həmkarının iradəli siyasətçi olduğunu deyib.
Rubionun dövlət katibliyi gələn ilin əvvəlində Konqres tərəfindən təsdiqlənməlidir. Trampın Nümayəndələr Palatası və Senatda tam nəzarətə malik olacağını nəzərə alsaq, onun kadr qərarları problemlərlə üzləşməyəcək.
Qeyd edək ki, Rubio bir neçə dəfə Ukraynaya səfər edib. O, 2024-cü ildə Ukraynaya yardım paketinə birmənalı səs və dəstək verən azsaylı respublikaçılardan olub. Rubio Ukraynaya dəstəyin vacibliyində israr edib və hətta buna qarşı çıxan partiya yoldaşlarını açıq şəkildə tənqid edib. Doğrudur, son zamabnlar Rubionun müharibəni bitirmək yolları ilə bağlı ritorikası bir qədər yumşalıb. Lakin yenə də o, partiyasının Ukraynanı birmənalı dəstəkləyən qanadında qalmaqdadır.
Ümumiyyətlə, həm Uolts, həm də Rubio “klassik trampçılar”dan daha çox Ukraynanı dəstəkləməyə meylli siyasətçilər sayılırlar. Bu isə Trampın Ukraynanı Rusiyaya təslim edəcəyi barədə iddiaları yumşaq desək, sual altına alır. Hər halda, bəzilərinin dediyi kimi, “Ukraynanı Rusiyanın ayaqları altına atmağa və Putinə böyük güzəştlər etməyə hazırlaşan” ABŞ-nin gələcək prezidenti açar strateji vəzifələrə bu cür “şahinləri” təyin etməzdi…/azpolitika.info