OSMANOVUN VƏZİFƏSİ GƏNC GENERALA TAPŞIRILIB - Tanınmış şəxsin oğludur / FOTO

Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

O, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edir. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, İrana səfər edən nümayəndə heyətinə Fərid Əliyev rəhbərlik edib. Məlumatda bildirilir ki, general-mayor Fərid Əliyev İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Məhəmmədrza Aştiani ilə görüşüb. Görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

**

Qeyd edək ki, Fərid Əliyeva “general-mayor” ali hərbi rütbəsi ötən il verilib. 1987-ci il təvəllüdü Fərid Əliyev 2023-cü ilin yanvar ayınadək Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib.

Xatırladaq ki, bir müddət öncə Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov vəzifəsindən azad edilib.

**

Onu da qeyd edək ki, Fərid Əliyev Sabunçu Rayon İcra Hakimiyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur. Əlibaba Əliyev hazırda Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışır./azpolitika