NARKOŞƏBƏKƏYƏ BÖYÜK ZƏRBƏ: dəyəri 15 milyon manat olan yarım tona yaxın narkotik dövriyyədən çıxarıldı - FOTO/VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi bir ay ərzində “qara” bazarda dəyəri 15 milyon manat olan 400 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Belə ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının çətin relyef şəraitində, gərgin əmək sərf edilərək həyata keçirdikləri birgə əməliyyat zamanı 160 kiloqram narkotik vasitənin (tərkibi psixotrop maddələrlə zənginləşdirilən 100 kiloqram marixuana və 60 kiloqram tiryək) qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması barədə ictimaiyyətə bir neçə gün əvvəl məlumat verilmişdi. Həmin narkotiklərin ölkəyə gətirilməsini təşkil edən Tərlan Xasməmmədovun Beyləqan rayonu ərazisində İranla sərhədyanı bölgədə saxlanılması əməliyyatının görüntülərini təqdim edirik.

Qeyd edək ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 1 ay ərazində müxtəlif şərti adlar altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərən şəxslərin Azərbaycandakı dayaqlarına qarşı paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 49 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən ”qara” bazardan dəyəri 15 milyon manat olan 400 kiloqram narkotik vasitə, psixotrop maddə, eləcə də 3 min 600 ədəd ekstazi və metadon həbi çıxarılıb.
Silsilə əməliyyatlar zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən “kanallar”a ciddi zərbə endirilib.

Narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir.

"Dəyəri 15 milyon manat olan yarım tona yaxın narkotik dövriyyədən çıxarılıb - VİDEO