Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində “narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri” mövzusunda görüş təşkil edilib. Tədbirdə xidmətin şəxsi heyəti ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın eksperti, “Konstitusiya Araşdırmaları Fondu”nun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev iştirak edib.
Dövlət Xidmətindən bildirilib ki, görüş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində xidmətin şəxsi heyətinin sahə üzrə məlumatlılığın artırılması məqsədilə təşkil olunub.
Ekspert qismində dəvət olunan Ə.Nuriyev narkomanlığın müasir dövrdə bütün bəşəriyyəti narahat edən ciddi sosial problemlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ulu Öndər Heydər Əliyevin imzaladığı "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman bu sosial problemə ciddi yanaşma və mübarizə tələb edirdi. Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlanıb və bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb.
Daha sonra Ə. Nuriyev respublikada narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində bir sıra təşkilati-hüquqi, institusional və əməli praktiki tədbirlərin, proqramların uğurla həyata keçirildiyini, narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirakın daha intensiv xarakter aldığını diqqətə çatdırıb.
Görüşdə, həmçinin narkomaniyanın qarşısının alınması üçün dövlət qurumlarının əməkdaşlarının, eləcə də gənclərin maarifləndirmə işinin daha da gücləndirilməsi, sosial təzyiqin və digər resurslarının artırılması kimi məqamlar da müzakirə olunub.