Narkomaniya ilə mübarizə hal-hazırda ölkəmizin qarşısında duran ən ümdə problemdir, desək yanılmarıq. Bir sıra ekspertlər problemin həlli istiqamətində ortaya müxtəlif yanaşmalar qoyur. Bəzi ölkələrin təcrübəsinə müraciətlər gündəmdədir. Narkomaniya ilə mübarizədə çevik tədbirlər planı ortaya qoyan ölkələrdən biri Belarusdur. 2014-cü il dekabrın 28-də Belarus prezidenti Aleksandr Lukaşenko “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə təxirəsalınmaz tədbirlər haqqında” 6 nömrəli Fərman imzalamışdı. Düşünürük ki, fərman yetərli qədər sərt və narkomaniyaya qarşı tutarlı cavab keyfiyyətindədir. Fərmanın mətnində deyilir:
"Fərman Belarus vətəndaşlarının həyat və sağlamlığının qorunmasını təmin etmək, uşaqların və gənclərin təhlükəsiz inkişafı üçün şərait yaratmaq, millətin demoqrafik təhlükəsizliyi və sağlamlığı üçün təhlükə kimi narkomaniyanın yayılmasının qarşısını almaq məqsədilə verilmişdir. Bu məqsədlərə nail olmaq üçün narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə kompleks tədbirlər həyata keçirilir. Dövlət orqanlarının, təhsil və səhiyyə müəssisələrinin, hüquq-mühafizə orqanlarının ictimai postları şuralarının, könüllü dəstələrin, ictimai birliklərin və digər təşkilatların fəaliyyətinin maksimum dərəcədə intensivləşdirilməsi nəzərdə tutulur.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə cinayət məsuliyyəti sərtləşdirilir. Belə ki, narkotik vasitələrin satışı ilə bağlı hərəkətləri ağırlaşdırıcı əlamətlər olduqda (məsələn, bir qrup şəxs tərəfindən və ya xüsusilə təhlükəli narkotiklərlə bağlı və ya külli miqdarda və ya tədris müəssisəsinin ərazisində törədildikdə) azadlıqdan məhrum etmənin maksimum müddəti- 13 ildən 15 ilədək; məlum olan yetkinlik yaşına çatmayan şəxsə narkotik vasitələrin satışı - 8 ildən 15 ilədək; mütəşəkkil dəstə tərəfindən törədilən narkotik vasitələrin satışı ilə bağlı əməllər - 15 ildən 20 ilədək, habelə narkotik vasitələrin laboratoriya şəraitində hazırlanması və ya emalına görə - 8 ildən 20 ilədək artırılır.
Ehtiyatsızlıqdan narkotik vasitələrin istifadəsi nəticəsində şəxsin ölümünə səbəb olan narkotik vasitələrin satışı ilə bağlı əməllərə görə cinayət məsuliyyəti 12 ildən 25 ilədək müddətə azadlıqdan məhrum etmə ilə nəticələnir; narkotik vasitələrin qaçaqmalçılıq əlamətləri olmadıqda Belarusun dövlət sərhədindən qanunsuz keçirilməsi 12 ilədək azadlıqdan məhrum etmə ilə nəticələnir; eyni xətaya görə inzibati tənbeh tətbiq edildikdən sonra həmin əməl bir il ərzində təkrar törədildikdə, ictimai yerdə narkotik vasitələrdən istifadə edildikdə və ya narkotik sərxoşluğu vəziyyətində ictimai yerdə görünmə və ya iş vaxtı narkotik sərxoşluq vəziyyətində olma 2 il müddətinə azadlığın məhdudlaşdırılması şəklində maksimum cərimə ilə nəticələnir.
Narkotik vasitələrin satışı ilə bağlı əməllərə görə cinayət məsuliyyəti yaşı 16-dan 14-ə endirilir.
Narkotik vasitələrin istifadəsi ilə bağlı hüquqpozmalara görə inzibati məsuliyyət tədbirləri gücləndirilir - narkotik sərxoşluğu vəziyyətində ictimai yerdə görünməyə görə inzibati cəza tətbiq edilir; fərdi sahibkar və ya hüquqi şəxs tərəfindən diskotekada, gecə klublarında, qumar obyektlərində narkotik vasitələrin istehlakının və ya satışının qarşısının alınması üçün tədbirlər görməməsinə, habelə bu cür hərəkətlərin aşkar edilmiş faktları barədə daxili işlər orqanlarına məlumat verilməməsinə görə cərimə tətbiq edilir.
İş vaxtı iş yerində narkotik sərxoşluğu vəziyyətində olmağa və ictimai yerlərdə həkim resepti olmadan narkotik istifadəsinə görə cərimələrin maksimal həddi artırılır.
Belarusda yeni psixoaktiv maddələrin (siqaret çəkmə qarışıqları) dövriyyəsini dərhal qadağan etməyə və onların dilerlərini məsuliyyətə cəlb etməyə imkan verən müddəalar birləşdirilib. Yeni psixoaktiv maddələrin narkotik vasitə kimi təsnifləşdirilməsi və beləliklə, Belarusiyada onların qanunsuz dövriyyəsinə qadağa qoyulması proseduru mümkün qədər sadələşdirilib.
İnternetdən istifadə etməklə narkotik vasitələrin geniş yayılması təhlükəsi ilə əlaqədar internet xidmətləri istifadəçilərinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə yönəlmiş materialların yer aldığı internet resurslarına çıxışının çevik şəkildə məhdudlaşdırılması mexanizmi yaradılıb. Belə bir məhdudiyyətlə bağlı qərarlar Daxili İşlər Nazirliyinin yazılı bildirişləri əsasında İnformasiya Nazirliyi tərəfindən qəbul edilir və Belarusun bütün internet provayderləri üçün məcburidir.
Fərmanla narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində, o cümlədən internet şəbəkəsində həyata keçirilən qabaqlayıcı və əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin artırılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin vaxtında aşkar edilməsi məqsədilə internet resurslarının sahiblərinin üzərinə internet resurslarının məzmununu təhlil etmək vəzifəsi qoyulub. Onlara məxsus olan narkotik vasitələrin qanunsuz dövriyyəsinə yönəlmiş materialların yayılması üçün istifadəsinə yol verməməli, habelə bu cür materialların yayılmasına cəhdlər barədə daxili işlər orqanlarına məlumat verməlidir.
İnternet xidmət provayderləri də 2016-cı il yanvarın 1-dən etibarən Rabitə Nazirliyinin müəyyən etdiyi qaydada internet xidmətlərindən istifadə edənlərin müraciət etdikləri internet resursları haqqında aktual məlumatların formalaşdırılmasını və saxlanılmasını təmin etməyə borcludurlar.
2015-ci il martın 1-dən Narkotik Vasitələrdən, psixotrop maddələrdən və onların analoqlarından istifadə edən şəxslərin Vahid Qeydiyyat Sistemi yaradılıb.
Belarus ərazisində fəaliyyət göstərən elektron ödəniş sistemlərində yaradılmış elektron pul kisələrinin sahiblərinin məcburi identifikasiyası tətbiq edilir (bu elektron pul kisələrindəki elektron pulun miqdarından asılı olmayaraq).
Hökumətə tapşırılıb ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum olunmuşlar üçün ayrıca islah müəssisələrinin yaradılması üçün; narkomaniya xəstələri üçün ixtisaslaşdırılmış müalicəvi-əmək müəssisələrin təşkili, habelə narkomaniya ilə bağlı qeydiyyatda olan yetkinlik yaşına çatmayanların hərtərəfli reabilitasiyasını təmin edən ixtisaslaşdırılmış tibb və təhsil müəssisələrinin yaradılması üçün tədbir görsün".
Stopnarkotik.az