Narkomaniyanın kökünü kəsmək üçün MÜKƏMMƏL PROQRAM – Qarşıdakı 5 ildən gözləntilər

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiqləndi. Proqram dəfələrlə Stopnarkotik.az tərəfindən də gündəmə gətirilən bir çox sahələri özündə ehtiva edir. Bu baxımdan, düşünürük ki, yeni fəaliyyət planı narkomaniyanın qarşısının alınmasında daha çox effektiv və faydalı olacaq.

Növbəti 5 illik Dövlət Proqramında diqqət çəkən məsələlərdən biri narkomaniyanın təsbiti üçün “narkomaniya xəstəliyi” termininin leksikona daxil edilməsidir. Yəni narkotik istifadəçilərinin “narkomaniya xəstəliyindən əziyyət çəkən” şəxslər ifadəsi ilə təsbiti müsbət haldır.

Dövlət Proqramının “6. Dövlət Proqramının prioritet istiqamətləri” bölümündə “6.1.1.2.16.”-cı bənddəki “narkotik vasitələrin və psixotrop maddələrin gizli pərakəndə satış şəbəkəsinin ifşası və bu cinayəti törədən şəxslərin vaxtında məsuliyyətə cəlb edilməsi istiqamətində təşkilati və praktiki tədbirlərin gücləndirilməsi” qismi də narkoticarətin çökdürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Kimsəyə sirr deyil ki, ölkəmizdə indiyə qədər aparılan mübarizə nəticəsində əsasən “kiçik miqyaslı” narkotik alverçiləri aşkarlanır. Amma istənilən kriminal şəbəkənin çökdürülməsi cinayət piramidasının ən zirvəsində qərar tutan şəxsin, yaxud şəxslərdən ibarət “elitar kriminal qruplaşma”nın qandallanmasından keçir. Elə bu səbəbə görə də son illərdə nə narkoticarəti, nə də narkomaniyanı dayandırmağa nail ola bilmirik. Odur ki, yeni Dövlət Proqramında yer alan məlum bənd (6.1.1.2.16.) problemin həllinə ciddi töhfə verə bilər.

Onu da qəbul etməliyik ki, pərakəndə satış şəbəkəsinin kriminal aləmdə statuslu fiqurların himayəsi olmadan genişlənməsi, yayılması mümkünsüzdür. Bu tədbirlər “6.1.1.3.4. qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ölkəyə daşınması hallarının qarşısının alınması, belə halların aşkar olunma səviyyəsinin yüksəldilməsi” bəndinə də aiddir. Yəni kimsədən gizlin deyil ki, narkotiklər öncə qaçaqmalçılıqla ölkəyə gəlir və sonra pərakəndə satış nöqtələrinə, “satış təmsilçisi” funksiyasını yerinə yetirən narkotik alverçilərinə paylanır. Bu baxımdan, nəzərdə tutulan tədbirlər məhz bu iki istiqamətə qarşı yönəlməlidir ki, bu da növbəti 5 illik Dövlət Proqramında yer alır.

Bundan əlavə, yeni Dövlət Proqramında maarifçilik və terapya istiqamətlərinə geniş yer verilməsi də təqdirəlayiqdir və bütün bunlar qarşıdan gələn 5 illikdə real sonuclar əldə olunacağına zəmin yaradır.

Stopnarkotik.az

P.S. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na daha ətraflı nəzər salacağıq. Bizi izləyin.