Son illərdə avropalı heroin aludəçiləri şikayətlənirlər ki, küçə heroini "nə iləsə qarışdırılır". Bu qatqılar isə narkotikin təsirini azaldır. Lakin bu yaxınlarda narkotacirlər heroindən 300 dəfə güclü olan sintetik opioidlərin “yeni” sinfinə aid olan maddə – nitazendən istifadə etməyə başlayıblar.
Stopnarkotik.az xəbər verir ki, 2024-cü ilin göstəricilərinə görə, İngiltərədə nitazenin artıq dozasından hər həftə altı nəfər ölür. ABŞ isə 2010-cu ildən bəri opioid böhranı ilə üz-üzə qalıb. 2023-cü ildə 110.000-dən çox amerikalı narkotikin aşırı dozasından ölüb. Bu ölümlərin 70%-i fentanil və digər sintetik narkotiklərin payına düşür.
Avropa hələ ki, sintetik narkotikin ölümcül dalğasından xeyli dərəcədə qaçıb. Bununla belə, keçən ilin sonunda Böyük Britaniyada nitazenin aşırı dozasından ölüm halları artmağa başlayıb. BBC-nin məlumatına görə, ötən ildən İngiltərədə orta hesabla həftədə üç ölüm nitazendən olur. Son illərdə nitazen bütün dünyada -ABŞ, Kanada, Qərbi və Şərqi Avropa ölkələrində aşırı dozadan ölümün səbəbidir.
Böyük Britaniya onilliklərdir ki, Əfqanıstan tiryəkindən əldə edilən heroini istehlak edir. Lakin 2021-ci ildə Taliban hakimiyyəti ələ keçirdikdən sonra tiryək xaşxaşının əkin sahələri əhəmiyyətli dərəcədə azalıb. Bununla bazarda boşluğu sintetik opioidlər doldurdu. Yaxın gələcəkdə Əfqanıstanın heroin tədarükü tam “quruya” bilər və bu, Avropanı narkotik qıtlığı ilə üz-üzə qoya bilər. Problem ondadır ki, Avropa ölkələrinin hakimiyyət orqanları buna qətiyyən hazır deyil.
Nitazen - benzimidazol opioidi və ya 2-benzilbenzimidazollar - qeyri-adi benzimidazol quruluşuna malik sintetik opioidlər sinfidir. Onlara tez-tez "yeni opioid psixoaktiv maddələr (OPS)" deyilir.
Benzimidazol opioidləri 1950-ci illərdə “CIBA Pharmaceuticals” tərəfindən morfinə ağrıkəsici alternativ kimi sintez edilmişdir. Bu sinif maddələrin tərkibində nitazen, etonitazen, izotonitazen, klonitazen, metonitazen, protonitazen və analoqlar var. Ən çox yayılmışı etonitazendir.
Digər sintetik opioidlər kimi, benzimidazol opioidləri də myu reseptorlarına bağlanır. Onların effektivliyi morfindən bir neçə yüz dəfə yüksəkdir. Bu sinifdə olan bəzi maddələr tədqiq edilmiş və tədqiqatlarda istifadə edilmişdir, lakin tənəffüs depressiyası və ölüm riskinin yüksək olması səbəbindən klinik tibbdə heç vaxt istifadə edilməmişdir.
2019-cu ildə müsadirə edilmiş narkotik vasitələrdə ilk dəfə olaraq izotonitazin müəyyən edilib. O vaxtdan bəri, Avropada, Kanadada və ABŞ-da bu və digər benzimidazol opioidlərindən aşırı dozadan çoxlu ölümlər olub. 2020-ci ilin fevral ayında Kanadada tərkibində izotonitazen aşkarlanan 1900 saxta hidromorfon tableti ələ keçirildi. Məhkəmə-tibbi araşdırmalar zamanı əldə edilmiş toksikoloji nümunələrdə həm əvvəllər məlum olan nitazenin analoqları, məsələn, metonitazin və butonitazin, həm də yeni, əvvəllər patentləşdirilməmiş nitazenlər dəfələrlə aşkar edilib.
Nitazen qəhvəyi/sarı toz və ya kristallar şəklində, həmçinin “oksikodon” adı altında tabletlərdə satılır. Nitazenlərin izləri müntəzəm olaraq heroin, ketamin və sintetik kannabinoidlərdə olur. Bir çox ölüm nitazenin fentanil kimi qələmə verilməsi üzündən baş verir. İngiltərə bazarındakı nitazen ölkəyə əsasən Çindəki laboratoriyalardan poçtla daxil olur.
Nitazen inyeksiya, tabletlərdə, inqalyasiya yaxud siqaret kimi istifadə olunur.
Stopnarkotik.az