Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir Bölməsinin müdiri Rəhim Laçınov həbs olunub.
Stopnarkotik.az Bizim.Media-ya istinadən xəbər verir ki, Rəhim Laçınov Respublika Hərbi Prokukorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
İstintaqın gedişi zamanı məlum olub ki, Müdafiə Nazirliyinin sifarişi ilə şirkətlər tərəfindən bəzi tikinti işləri zamanı külli miqdarda vəsait mənimsənilib və israf olunub.
Məlumata görə isə cinayət işinə iyulun 29-da Bakı Hərbi Məhkəməsində baxılıb və R.Laçınov barəsində həbs qərarı verilib.
Bundan əlavə, istintaqın gedişində Rəhim Laçınovun sözügedən əməlləri Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin qərargah rəisi, polkovnik Məmmədov Elmar Heybətqulu oğlu ilə birgə həyata keçirdiyi məlum olub. Hazırda bu istiqamətdə istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, 2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti - Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıb. Onlar 143 milyonluq mənimsəmədə ittiham olunurlar. Məhkəmənin gedişində Rəhim Laçınov da şahid qismində dindirilmişdi.