Moldovada Putinin məğlubiyyəti – TƏHLİL

Kremlin Gürcüstanda tətbiq etdiyi mexanizm burada nəticə vermədi

Rusiyapərəst oliqarxın 300 min seçicinin səsini pulla alması da işə yaramadı...

Moldovada prezident seçkiləri Maya Sandunun qələbəsi ilə başa çatdı. Bu seçkilər, cəmi bir həftə əvvəl Gürcüstanda olduğu kimi, Moldovada da Rusiyanın prosesə saxtakarlıq vasitəsilə təsiri baxımından əlamətdar oldu. Ölkədə indiki Qərbmeylli hökumət üçün şok terapiyaya çevrilən prezident seçkiləri, bir sıra səbəblərə görə, bütün dünyanın diqqətini çəkdi. Bu səbəblərdən biri də ictimaiyyət qarşısında səsləri nağd pula satın almaqla ölkənin gələcəyini “dibindən baltalayan” mexanizmlər idi.

Belə ki, prezidentlik uğrunda mübarizə aparan Maya Sandu kənar qüvvələri, şübhəsiz Kremlin təlimatı ilə çalışan şəxsləri seçicilərə rüşvət verməklə, Moldova demokratiyasına misli görünməmiş hücumda ittiham etdi.

“Rusiyanın beynəlxalq təcrid vəziyyətində olduğu bir şəraitdə onu dost dövlət kimi tanıyan, diqtəsinə tabe olan hər bir dövlət Moskvanın xarici siyasətində böyük uğurdur. Ona görə də Moldova uğrunda var gücləri ilə vuruşur və burada külli miqdarda pul xərcləyirlər”, deyə Moldovanın Rusiyadakı keçmiş səfiri, politoloq Anatoli Tseranu deyir.

Rusiya Ukraynaya “əlinin suyunu göstərməklə” eyni vaxtda postsovet məkanının digər ölkələrini də öz yanına “bataqlığa” çəkir. Necə deyərlər, cəhənnəmə gedən yoldaşını çox istəyər. Postsovet ölkələrində iş üslübunda Rusiyanın əsas metodlarından biri ölkə hakimiyyətinin içindəki mühüm postlara öz əlaltılarını yerləşdirmək, eləcə də “İvanuşka notları”nın sədaları altında rus havasına “boynunda xalta olan ayı” kimi oynayan oliqarxların cilovunu əlində saxlayaraq, vacib məqamlarda xaltanı tərpətmək, komanda verməkdir. Bu oliqarxlardan məşhur iki nümunə İlan Şor və Bidzina İvanaşvilidir. İvanaşvilinin hansı kəramətlərə malik olduğunu oktyabrın 26-dakı Gürcüstan seçkilərində gördük. İndi isə İlan Şorun məharətlərinə nəzər salaq.

İlk öncə onu qeyd etmək lazımdır ki, rus tərzinin ayrılmaz xüsusiyyəti olan seçici səslərini rüşvətlə almaq metodu Kremlə xidmət edən ölkə və oliqarxların iş prosesində əvəzsizdir. Bu yaxınlatda Azərbaycanda da seçki atraksionunun rəngarəng üsullarından olan “karusel”, məktəblərdə müəllimlərin diqtəsi ilə yönləndirilmə ilə səsvermədə qəsdən təyin olunmuş namizədin xeyrinə bülleten atmaları, icra hakimiyyəti işçilərinin birbaşa təyin edilmiş namizədin xeyrinə səs toplamasının təşkil edilməsi və s. kimi “gözbağlayıcılıq aktları”na şahid olduq. Ardınca şəffaf, qeyri-rus yönümlü olacağına ümidlərin bəsləndiyi seçkilər Gürcüstanda baş tutdu və ümiddən çox məyusluq doğurdu. Odur ki, Rusiya istər Azərbaycanda, istər də Gürcüstanda öz maraqlarını təmin etmiş sayıla bilər. Ukraynada isə xarabazarlığın “şah əsəri”ni ərsəyə gətirib. Növbədə Moldova idi və burada Putin Rusiyasının “burnu daşa dəydi”. Hansı ki, Bidzina İvanaşvilinin moldovalı analoqu İlan Şora burada böyük pullar xərcləmişdi.

Rəsmi Kişinyov, onun Qərb tərəfdaşları və müxtəlif politoloqlar qaçaq oliqarx İlan Şoru Moldovada Rusiyanın nüfuzunun “əsas dirijoru” adlandırırlar. Bu ad uzun müddətdir ki, ABŞ Dövlət Departamenti, Aİ və İsveçrənin sanksiya siyahılarında yer alıb və Moldovada keçirilən seçkilərlə bağlı dünyanın ən böyük mediasında manşetlərə düşüb.

**

O kimdir, Moskvaya nə dərəcədə bağlıdır və Moldovanı qərbyönlü yoldan çıxarmaq, şərqə - Rusiyaya doğru itələməyə davam etmək üçün kifayət qədər imkanları varmı?

İlan Şor və onun tərəfdaşları açıq şəkildə rusiyayönlü baxışları və istəkləri barədə danışırlar. Bu il mayın 9-da o, ən yaxın müttəfiqi Marina Tauber və Moldovanın tərkibindəki kiçik muxtariyyət Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul ilə birlikdə Qələbə Paradında Qırmızı Meydandakı podiumda oturmuşdular, hansı ki, həmin parada yalnız xüsusi dəvətlə düşmək olar.

Bir həftə sonra isə məlum oldu ki, Şor Rusiya vətəndaşlığını alıb. Bunun ardınca, iyunun əvvəlində o, Tauber və Qutsul ilə birlikdə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) “Moldova həyəti”ni təmsil edib ki, tədbirin ardınca da onlar Vladimir Putin, Mariya Zaxarova və “Rus dünyası”nın ideoloqu Aleksandr Duqinlə şəkil çəkdiriblər.

Sentyabrda Moldovada seçki kampaniyasının qızğın vaxtında Rusiya təbliğatının əsas siması Marqarita Simonyan “Telegram” kanalında Marina Tauberlə fotosunu yerləşdirərək onu cəsur, ağıllı və gözəl qadın adlandırıb.

Gələk seçkilərə. Ölkədə prezident seçkiləri kampaniyasının qızğın vaxtında “Şor şəbəkəsi” termini meydana çıxdı. Bu, qaçaq oliqarxın seçicilərin səsləri almaq layihəsinin adıdır.

Moldova polisinin məlumatına görə, Şor bu “tor”da 130 minə yaxın Moldova vətəndaşını yaxalaya bilib. Yəni onların səslərini satın alıb. Maya Sandu prezident seçkilərinin birinci turundan sonra bildirib ki, Şor 300 minə qədər də səs ala bilərdi.

Sandunun rəqəmləri hətta hökumətyönlü ekspertlər üçün də şişirdilmiş görünür. Lakin Moldova polisinin rəhbəri Viorel Cernautanunun oktyabrda haqqında danışdığı 130 min aktiv seçicilərin 10%-ni təşkil edir.

“O (Şor) yol çəkmir, xəstəxana tikmir, məktəb tikmir. O, birbaşa insanlara pul verir, onların səs hüquqlarını satın alır. Və bu əsl şəbəkədir. Bu, siyasi layihə deyil, kommersiya təşkilatıdır. Və hər bir kommersiya təşəbbüsünün bir məqsədi var - qazanc əldə etmək. Məqsəd hakimiyyəti ələ keçirməkdir”, deyə Qaqauz parlamentinin müstəqil üzvü Aleksandr Tarnavski BBC-yə müsahibəsində bildirib.

Politoloqların fikrincə, ölkənin daxili proseslərinə kənar müdaxilənin miqyası böyükdür və bu, qorxuludur. Amma ən çox qorxulu odur ki, Moldova buna hələ effektiv müqavimət göstərə bilmir.

Moldova hüquq-mühafizə orqanlarının məlumatına görə, hazırda İlan Şor öz “şəbəkəsinə” təxminən 15 milyon dollar xərcləyib.

Rusiyadan pul köçürmələrinin qadağan olunduğu ölkəyə belə bir məbləği qaçaqmalçılıq yolu ilə keçirmək çətindir. Aydındır ki, Şorun Rusiyadan idarə etdiyi geniş kuryer şəbəkəsi pulu Moldovaya gətirib və çatdırılmanı edib. Kişinyov hava limanında kuryerlərin gəlmə ehtimalı olan ölkələrdən (əsasən Türkiyə və Ermənistan) reysləri gömrük işçiləri və iyləyici itlərdən ibarət dəstə qarşılayıb.

Kişinyov hava limanının gömrük xidmətinin rəhbəri Ruslan Aleksandrov isə BBC-yə bildirib ki, “demək olar, hər kəsin iki, üç və ya yeddi min avro məbləğində pulu var idi”. Bu yoxlamalar isə bir çox Moldova vətəndaşları arasında hiddət fırtınasına səbəb olub. Onların əsas arqumenti o olub ki, qanunla istənilən şəxs bəyannaməsiz ölkəyə 10 min avroya qədər pul gətirə bilər.

Şorun pullarını Moldovaya köçürmək üçün başqa bir kanal Moldova ərazisində bloklanan, lakin Rusiyayönlü Dnestryanı bölgədə fəaliyyətini davam etdirən Rusiya “Promsvyazbank” vasitəsilə yaradılıb, burada pullar bankomatlar vasitəsilə nağdlaşdırılır. Moldova hakimiyyətinin səylərinə baxmayaraq, Şora bağlı partiya və təşkilatlarda çoxsaylı axtarışlar, kompüterlərin ələ keçirilməsi və həbslər aparılsa da, onlar Şor şəbəkəsinin fəaliyyətini iflic edə bilməyiblər.

**

Oktyabrın 25-də Moldova KİV-lərinin bir neçə redaksiyasına anonim ünvandan 3800-ə yaxın ad verilmiş sənəd əlavə edilmiş elektron məktub daxil olub. Özünü Moldova xüsusi xidmət orqanlarının zabiti kimi təqdim edən anonim informatorun  məlumatına görə, bütün bu şəxslər, o cümlədən şəhər merləri və müxtəlif səviyyəli müşavirlər İlan Şorla əməkdaşlıq ediblər və ya əməkdaşlıq edirlər. Və iş orasındadır ki, bu insanlar yad deyillər. Seçkilər ərəfəsində Moldova Rusiya pasportları və ya Rusiyanın “verbovka etdiyi” Belarus və Ermənistan vətəndaşlarının - agentlərinin  öz pasportları ilə ölkəyə girişini ciddi şəkildə məhdudlaşdırdı.

İndi isə Gürcüstanla müqayisəli şəkildə məsələyə baxaq. 

Moldova şəffaflıq, institutları gücləndirmək və ictimai maarifləndirmə kampaniyaları vasitəsilə Rusiyanın zərərli təsirinə qarşı fəal şəkildə mübarizə aparır. Onun əksinə, Gürcüstan hökuməti rolu vətəndaş cəmiyyətinin üstünə ataraq, problemə əhəmiyyət vermir.

Hər iki ölkə seçkilərin dürüstlüyünün vacibliyini vurğuladı: Moldova diqqətini erkən profilaktikaya yönəltdi, Gürcüstan isə monitorinq və hesabatlarda fəal vətəndaş cəmiyyətinin iştirakını nümayiş etdirdi.

Moldova hökuməti oliqarxların prosesə təsiri ilə mübarizə apardı və diaspora ilə qarşılıqlı əlaqədə fəallıq göstərdi. Gürcüstanın hakim partiyası isə öz təsisçisinin Rusiya ilə geniş əlaqələri və diasporla məhdud bağlantı ilə əlaqədar problemlərlə üzləşib. Moldova və Gürcüstanda seçkilərin nəticələri hər iki ölkə üçün kritik məqamlarda onların hökumətləri və vətəndaş cəmiyyətlərinin Rusiyanın müdaxiləsinə və digər bədxah elementlərə müqavimət göstərmələrinin kəskin şəkildə fərqli yollarını nümayiş etdirir.

Səsvermələr – Moldovada keçirilən prezident seçkiləri və Aİ konstitusiyasına dair referendum, eləcə də Gürcüstanda parlament seçkiləri – hər iki keçmiş sovet respublikasının geosiyasi oriyentasiyasını kökündən dəyişdirmək və ya mövcud siyasətlərini sərtləşdirmək potensialına malik idi və bu, hər iki ölkə üçün AB-yə inteqrasiya məsələsində güclü ictimai imtiyazlar vəd etməklə bərabər, artan problemlər yaradırdı.

Beləliklə, qaliblər və məğlublar əhəmiyyət kəsb edir. Lakin erkən dərslərin bəziləri ilkin qaliblərin çərçivələrindən kənara çıxır və göstərir ki, bu səslər daha yetkin demokratiyalar və Rusiyanın kənarındakı digər ölkələr də daxil olmaqla, mübarizə aparan digər cəmiyyətlər üçün ssenariyə töhfə verə bilər.

Erkən mərhələdə Rusiyanın təsirinə qarşı durmaq

Moldova rəsmiləri aylardır dezinformasiya və anti-Avropa etirazın təşkilatçılarının qeyri-rəsmi şəbəkəsinə milyonlarla qeyri-qanuni ödənişlərə şərait yaratmaqdan ibarət olan Rusiyadan gələn təhdidlər barədə xəbərdarlıq edir. Səsvermədən əvvəl Moldova rəsmiləri ilə danışan analitik onlardan “Azadlıq Radiosu”ndan sitat gətirərək bildirir ki, “Biz pulun axınını izləyə bilərik”. Hərçənd ki, Moldovada da Rusiyadan gələn nağd pul axınının qarşısını ala bilmədilər, amma seçkilərə pulun qarışmasını gördülər və məsələnin nə olduğunu açıq şəkildə müəyyən etdilər. Gürcüstan isə fərqli “dərs verdi”. Məsələn, ölkənin baş naziri İrakli Kobaxidze keçən həftə israr etdi ki, “Rusiyanın Gürcüstanda heç bir təsiri yoxdur”. Rusiyadan qorxan ictimaiyyətə açıq-aşkar rusiyapərəst görünməmək üçün tarazlığı saxlamalı olan “Gürcü arzusu” sadəcə olaraq problemə məhəl qoymadı və insanları qorxudaraq “müharibə” ilə “sülh” arasında seçim etdi. Nəticədə, prezident Salome Zurabişvilinin Rusiyanın müdaxiləsi ilə bağlı xəbərdarlığına baxmayaraq, Moskvanın iqtisadi təsirinə və rusiyayönlü nüfuzlu şəxslərin və medianın səfərbərliyinə ictimaiyyət müqavimət göstərməli oldu.

Gürcüstan əhalisi və vətəndaş cəmiyyəti təşkilatları “Rusiya qanunu” kimi tanınan “xarici agentlər” qanununa və LGBT-yə qoyulan yeni məhdudiyyətlərə qarşı dinc mübarizə nəticəsində ruhlandırdılar. Lakin ekspertlər “Azadlıq” radiosu”na bildiriblər ki, “xarici agentlər” haqqında “həyəcan təbili çalmaq” və “koalisiya yaratmaq” əslində bir neçə ay əvvəl başlamışdı.

Dürüstlük və şəffaflıq əsas faktorlardır

Moldova rəsmiləri ölkədəki seçkilərin bütövlüyünü qorumaq, institutları gücləndirmək və potensial zorakı iğtişaşların qeyri-qanuni mənbələrini bağlamaq üçün hərəkətə keçdilər. Onlar həmçinin kiberhücumları və “deepfakes” adlanan dərin saxtakarlıqları aşkar şəkildə əks etdirdilər və yalan hesab etdikləri şeylərə ictimai formada qarşı çıxdılar. “Azadlıq radiosu”na müsahibəsində Atlantik Şurasının Avrasiya Mərkəzindən olan Şelbi Maqid, “Adını necə qoyursunuz qoyun, onlar bunun öhdəsindən gəlmək üçün yaxşı iş gördülər”, deyə bildirir. Gürcüstanın hakim partiya rəsmiləri isə səsvermənin düzgün keçirilməməsi ilə bağlı mümkün ittihamlardan daha az narahat görünürdülər. Ətaləti aradan qaldırmaq gürcü ictimaiyyətinin  qrupları və vətəndaş cəmiyyətinin öhdəsinə düşdü. On il "Gürcü Arzusu"nun siyasi üstünlüyündən sonra bu cür müstəqil və müxalif qruplar səsvermə ərəfəsində prosesə keçmişdən daha yaxşı hazır olduqlarını bildirdilər. Bu, prosedurların uzunmüddətli monitorinqi, beynəlxalq əməkdaşlıq və qanun pozuntularının bildirilməsi üçün “qaynar xətt” kimi işlərdə özünü göstərdi.

Moldovada isə gedişat daha fərqli oldu. Ölkə rəsmiləri iki ilin daha çox hissəsini böyük fırıldaqçılıqda təqsirli bilinən və ölkəni Rusiyaya yönəltməkdə qərarlı olan qaçaq keçmiş oliqarx İlan Şorun təsiri ilə mübarizə apardılar. Keçən il onun partiyasını qadağan edəndən bəri hökumət ictimai xəbərdarlıqlarla təzyiqi davam etdirdi və digər şeylər arasında Aİ-ni Şorun ehtimal edilən çoxmilyonlarla dollarlıq şəbəkəsinə qarşı müxalifət təşkil etməyə çağırdı. "Bu, yalnız ayrıca bir problem deyil, daha çox köstəbək vurma oyununa bənzəyir, Şordan elə-belə qurtula bilməzsən", deyə Maqid bildirir.

Moldovadan fərqli olaraq, Gürcüstan öz rusyönümlü oliqarxını - Rusiyada var-dövlət qazanmış “Gürcü arzusu”nun qurucusu milyarder Bidzina İvanişvilinin qarşısını kəsə bilmədi. İvanişvili "öz qayğısına qalır və Rusiyaya daha çox uyğun gələn anti-demokratik təfəkkürə malikdir" deyən Maqid bildirir ki, bu məqsədlər "bəzən əl-ələ gedir, bəzən də bir-birinə uyuşmur".

Diasporu da unutmayın

Aİ-nin konstitusiya referendumunda cüzi qələbə fərqi və Kişinyovun şərqlə qərb perspektivlərindəki uyğunsuzluq Moldova səsverməsində diasporun əhəmiyyətini vurğulayır. Moldova rəsmiləri sosial media, mədəni təbliğat və seçki məntəqələrinin sayını artırmaq da daxil olmaqla, Moldova seçicilərini xaricdə, xüsusən də Qərbdə səfərbər etmək üçün çeviklik və nəticəni təşviq etmək üçün müxtəlif kanallardan istifadə ediblər. "Sizə səsinizin vacib olduğunu ruhlandıran və bu informasiyanın sizə çatmasını xatırladan bir alov olmalıdır", Maqid deyir.

Səsvermə hüququ olan mühacirlərin əsasən Qərbdə cəmləşdiyi Gürcüstanda hökumət rəsmiləri diaspor səslərini qazanmaqda daha az maraqlı görünürdü. Səbəbini anlamaq asandır: “Gürcü arzusu” mühacir seçicilər arasında cəmi 15 faiz dəstək alıb. Bununla belə, ümidsiz şəkildə parçalanmış müxalifəti və seçki bülletenində “Gürcü arzusu”na alternativlərin çoxluğunu nəzərə alsaq, bu 15 faizlik səs başqa yerlərdə açıq-aydın mandata çevrilməyib.

Ülviyyə ŞÜKÜROVA