Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda sifarişlə qətl törətməkdə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Cövdət Mehrəliyev ittiham aktını elan edib.
İttiham aktında göstərilib ki, hadisə bu il martın 16-da Sabunçu rayonunda qeydə alınıb.
Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidli yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülüb. Təqsirləndirilən şəxslər ona 18 bıçaq zərbəsi vuraraq tamah məqsədilə qətlə yetiriblər.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı, 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında cinayətin Əli Seyidlinin arvadı Əzizə Seyidovanın sifarişi əsasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Daha sonra söz təqsirləndirilən şəxslərə verilib.
Təqsirləndirilən şəxslər - Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev özünü qismən, Əzizə Seyidova isə ümumiyyətlə təqsirli bilməyib.
Daha sonra zərərçəkmiş şəxsin (mərhumun) hüquqi varisi Yaşar Seyidov ifadə verib. Onun sözlərinə görə təqsirləndirilən şəxs Əzizə Seyidova onun keçmiş gəlinidir: "Mən gəlinimə hər zaman yaxşı baxmışam. Oğlum ayrı qalmağı təklif etdi, mən də razılaşdım. Təqsirləndirilən şəxs Əzizə xain xislətli adamdır. Oğlumun kürəyindən 20-yə yaxın bıçaq zərbəsi vurulub. Hesab edirəm ki, oğlumun qətlinin sifarişçisi keçmiş gəlinim, təqsirləndirilən şəxs Əzizədir. Hadisə vaxtı evdə idim. Qapıya çıxanda oğlumu dizüstə, qan içində gördüm. Mərhum oğlumla təqsirləndirilən şəxs olan keçmiş gəlinim arasında qısqanclıq hissləri olub. Əzizə mənim əmimnəvəsidir. Üç ildir evli idilər, 2 azyaşlı uşaqları var idi".
Təqsirləndirilən şəxs Əzizə Seyidova ifadəsində bildirib ki, ailədaxili münaqişələri olub, hətta bu münaqişə məhkəməyə boşanmaya qədər gedib: "O, məni də döyüb, hətta anama da əl qaldırıb. Öldürmək istəsəm, həmin anda qətlə yetirərdim. Biz Əli ilə bir-birimizi sevmişik. Evlənməmişdən əvvəl, yəni 2015-ci ildə mənə qarşı cinsi zorakılıq edib. 2017-ci ildə nişanlandıq, 2020-ci ildə isə öz istəyimlə rəsmi nikaha daxil olduq. Təqsirləndirilən şəxslərdən Elmir və Bəxtiyarı tanımıram, lakin digər təqsirləndirilən Mehdi isə xalamın yoldaşıdır. Mehdi ilə bütün dərdimi bölüşmüşəm. Onunla 10 dəfə görüşmüşəm. O, mənim mərhum yoldaşım Əli ilə hansı problemlər yaşadığımı gözəl bilirdi. O da mənə deyirdi ki, münasibətiniz alınmırsa, boşanın. Bir gün davamız oldu və mən uşağı da götürüb anamgilə getdim. Daha sonra təqsirləndirilən şəxs Mehdinin maşını ilə uşağı götürüb rəfiqəm Xədicə ilə görüşə getdim. Biz yemək yeyirdik. Uşaq üstünü batırdığına görə dəyişmək istəyəndə sumkanı Mehdinin maşınında unutduğumu yəqin etdim. Əli də mənə zəng edib harada olduğumu soruşduqda "Neftçilər"də rəfiqəmlə çörək yediyimi dedim. Əli də yanıma gəldi. Daha sonra Mehdi uşağın sumkasını gətirdi. Əli sumkanı götürüb süfrəyə gələndə gərgin olduğunu gördüm. Səbəbini soruşanda Mehdi ilə arasında mübahisə yarandığını dedi. Bu cinayətin kim tərəfindən törədilməsi barədə məlumatım yoxdur".
Növbəti proses dekabrın 13-nə təyin edilib.