Məlum olduğu kimi, son zamanlar Rusiyanın müxtəlif ranqlı hakimiyyət təmsilçiləri Xankəndində Rusiya konsulluğunun açılması təşəbbüslərilə çıxış edirlər və açıq şəkildə Kremlin bunda maraqlı olduğunu qeyd edirlər. Baxmayaraq, ki, nə Xankəndində, nə də ətraf rayonlarda Rusiya vətəndaşları yaşamır və deməli, konsulluq xidmətlərinə də heç bir ehtiyac yoxdur.
Rusiyanın daha çox siyasi xarakter daşıyan bu istəyi barədə son dəfə Vladimir Putinin Azərbaycana səfəri öncəsi Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin danışıb. O, deyib ki, Rusiyanın Xankəndində baş konsulluğunun açılmasına hazırlıq tezliklə başlaya bilər.
Bu həssas mövzu ilə bağlı Rusiyanın TASS agentliyinə açıqlama verən ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlunun dedikləri agentlik tərəfindən təhrif olunub. Bunu “haqqın.az”-açıqlamasında P.Bülbüloğlunun özü deyib. Belə ki, TASS öz məlumatında səfirimizin agentliyə geniş müsahibəsi zamanı guya Qarabağda Rusiya konsulluğunun açılacağını təsdiqlədiyini bildirib. Daha sonra ondan sitat gətirib: “Rusiya Federasiyası konsulluq açmaq istəyini ifadə edib, çünki bizim Rusiyada iki baş konsulluğumuz var – Yekaterinburqda və Sankt-Peterburqda. Rusiyanın böyüklüyünü və ölkənizdəki azərbaycanlıların sayını nəzərə alsaq, bu, təbiidir. Ancaq Azərbaycanda konsulluqların fəaliyyət sahəsi daha məhduddur, lakin buna baxmayaraq, bu istiqamətdə işlər gedir, müxtəlif variantlar təklif olunur”. Onu da qeyd edək ki, P.Bülbüloğlunun TASS-a müsahibəsinin tam mətni hələ agentliyin saytına yerləşdirilməyib. Buna baxmayaraq, səfir hesab edir ki, TASS onun sözlərini Azərbaycanda Rusiya baş konsulluqlarının açılması kontekstində təhrif edib: “Mən deməmişəm ki, Rusiya baş konsulluğu Qarabağda da peyda ola bilər. Dedim ki, bu məsələ müzakirə mərhələsindədir”.
Hər halda, səfir TASS-ın Rusiyanın Qarabağda konsulluq açacağı barədə məlumatını dolayısı ilə də olsa təkzib edib. Ancaq belə görünür ki, konsulluq açılışının reallaşması ehtimalı yüksəkdir, lakin onun hansı bölgəmizdə açılacağı hələ sual altındadır.../azpolitika.info