“Məhkəmə qanunsuz saxlanılan şəxsə bəraət verərsə, müstəntiq barəsində cəza tədbiri görmək olar” – HÜQUQŞÜNAS

Narkotik satışı ilə bağlı cinayət işlərində hər zaman ittiham özünü doğrultmur. Bəzi hallarda narkotiklə bağlı ittiham olunan şəxslərin günahı sübuta yetirilə bilmədiyindən, onlar bəraətlə məhkəmə zalından azadlığa buraxılır.

Doğrudur, bu, onların üzərindəki ləkəni cəmiyyətin gözündən silə bilmir. Hüquq müstəvisində günahı sübut oluna bilməsə və günahsız yerə həbsə düşsələr də, cəmiyyət onlara çox hallarda və uzun zaman şübhə bəsləyir.

Burada diqqət edilməsi iki əsas məqam var. Birincisi odur ki, günahı sübut olunmamış şəxslərə dəyən zərər təzminatla ödənilirmi? Əlbəttə, maddi və mənəvi təzminatdan söhbət gedir. Tanınmış hüquqşünas Rasim Quliyev bildirir ki, əgər şəxsin düzgün məhkum olunmaması ilə bağlı faktı varsa, o, məhkəmə qaydasında təzminat istəyir. Bu, qanunvericiliklə də tənzimlənir.

Məsələ ilə bağlı digər məqam, ittiham işində yanlışlıqlara yol verən hüquq-mühafizə orqanları əməkdaşlarına birbaşa aiddir. Çünki işi məhkəməyə qədər gəlib çıxmış günahsız şəxsin sübuta yetirilməyən təqsiri birbaşa, ya dolayısı ilə onu həbsə salanların öz vəzifə və məsuliyyətinə hansısa səbəbdən barmaqarası baxmasında, səhlənkarlıqla yanaşmasındadır. R.Quliyev deyir ki, qanunvericilikdə - Cinayət Məcəlləsində belə bir maddə var: “O maddə qanunsuz həbsə almaq, həbsdə saxlamaq barədədir. Məsələ ondadır ki, şəxs qanunsuz tutulubsa, həbsdə saxlanılıbsa, onun şikayəti əsasında, yaxud məhkəmənin təşəbbüsündən irəli gələrək müstəntiq barəsində cəza tədbiri görmək olar. Məhkəmə müttəhim haqda qərar çıxarıb, hökm oxuyubsa, məsuliyyətə cəlb edibsə, burada müstəntiqlik bir şey yoxdur. Amma məhkəmə şəxsə bəraət veribsə, məhkəmə onun qanunsuz saxlanıldığını görürsə, öz təşəbbüsü əsasənda xüsusi qərardad çıxarıb, işi yanlış aparan müstəntiq barədə qərar verə, tədbirlər görülə bilər. Buna da prokurorluq baxacaq. Yaxud məhkəmə bunu etmirsə, bəraət almış şəxsin müraciət əsasında bunu etmək olar”.

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az