Bu gün Marneuli Magistrat Məhkəməsində Marneuli bələdiyyəsinin meri Daur İsmayılovun qardaşı Kənan İsmayılovun işi üzrə məhkəmə iclası keçirilib.
Stopnarkotik.az 24News.ge saytına istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri müəyyən edilib.
İclas zamanı Kənan İsmayılovun vəkilləri onun 100 min lari girov müqabilində azadlığa buraxılması barədə vəsatət qaldırıblar. Lakin hakim müdafiə tərəfinin bu təklifini qəbul etməyib.
Hakimin qərarı ilə Kənan İsmayılov "qrup halında sağlamlığa qəsdən xəsarət yetirmə" faktı üzrə həbs qətimkan tədbiri seçilməklə həbsxanaya göndərilib.
Növbəti məhkəmə iclasının may ayının 19-da Bolnisi Rayon Məhkəməsində keçirilməsi təyin olunub.
*** 19:39
Marneulinin azərbaycanlı merinin qardaşı çörəyin qiymətini qaldırmayan sahibkarı DÖYDÜ
Gürcüstan Prokurorluğu Marneuli bələdiyyəsində baş vermiş qrup halında sağlamlığa xəsarət yetirmə faktı üzrə Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılova qarşı ittiham irəli sürüb.
Oxu.Az bu barədə Gürcüstan Prokurorluğunun rəsmi saytına istinadən xəbər verir.
"Daxili İşlər Nazirliyində davam edən istintaq çərçivəsində müəyyən edilib ki, 6 aprel 2026-cı il tarixində Marneuli bələdiyyəsində təsərrüfat fəaliyyəti ilə bağlı münaqişə zəminində ittiham olunan şəxs öz əlaltıları ilə birlikdə zərərçəkmişə dəyənəklərlə bədən xəsarətləri yetirib.
Elə həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları ittiham olunan şəxsi həbs ediblər. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi (qrup halında qəsdən sağlamlığa yüngül zərər vurma) ilə ittiham irəli sürülüb ki, bu da üç ildən beş ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq qanunla müəyyən edilmiş müddətdə ittiham olunan şəxs barəsində qətimkan tədbiri kimi həbs qərarının çıxarılması üçün məhkəməyə vəsatət verəcək.
Daxili İşlər Nazirliyində cinayətdə iştirakı olan digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə istintaq davam etdirilir", - deyə prokurorluğun məlumatında bildirilir.