“İspaniya məhkəməsi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun 3 övladının Malyorka adasında böyük miqdarda vəsaiti leqallaşdırması ilə bağlı faktları araşdırır”.
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, İspaniya Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu Mahmudovları korrupsiya yolu ilə əldə edilmiş pullar hesabına Palma adasında 50 milyon avro dəyərində mülk və torpaq sahələri almaqda ittiham edir.
İttiham aktına görə, mülklərin alışı Kalviada qeydiyyatdan keçmiş iki ispan şirkəti vasitəsilə həyata keçirilib və ümumilikdə 60-dan çox (Valldemossada 23, Kalviada 22 və Palmada 15) mülk əldə olunub. Jurnalist qeyd edir ki, təkcə Peguera kurort şəhərində 1 əmlaka 9 milyon avro ödənilib.
Qeyd olunur ki, Mahmudovların mülklərinin bir neçəsi Anar Mahmudovun adına Seyşel adalarında qeydiyyatdan keçmiş “Sinalco İnvestments Limited” şirkətinə məxsus Latviya hesabından bank köçürmələri yolu ilə ödənilib. Bu hesab üzərindən Anar Mahmudov Palma şəhərinin Alexandre Rossello küçəsi 27A ünvanında 4,5 milyon avroya iki mülk alıb. 206 kv.metr sahəsi olan mənzillər Eldar Mahmudovun qızı Xuraman Mahmudovanın adına alınıb. 101 kvadratmetr sahəsi olan daha bir mənzil Balearın elitar yaşayış kompleksi sayılan “Plaza del Comtat del Rossello”-da 444,960 avroya alınıb.
C.Həsənli bildirir ki, Eldar Mahmudovun digər qızı Nərgiz Mahmudovanın adına 4,1 milyon avroya əmlak isə xarici görünüşünə görə turistlərin xüsusi marağını cəlb edən modernist üslublu “Casasayas” binasında əldə edib. Məbləğin bir hissəsi Seyşel adalarındakı şirkətə məxsus Latviya hesabından köçürmə yolu ilə ödənilib. Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğundan araşdırmasına görə, pulun böyük hissəsi Nərgiz Mahmudovaya məxsus və qardaşı Anarın köçürmələri hesabına maliyyələşən Palmanın Portals Nous qəsəbəsindəki filialının hesabından götürülən üç nominativ çek vasitəsilə çatdırılıb. Bu mülk Balear adaları Ali Ədalət Məhkəməsinin qərargahına çox yaxındır.
Jurnalist yazır ki, bundan başqa 2014-cü ilin aprelində isə Eldar Mahmudovun iki övladı Kalviadakı (Calvia) Sol de Mallorca səmtində bir milyon avroya altı mülk alıblar. Qiymət Anarın Latviyadakı şəxsi hesabından dörd bank köçürməsi yolu ilə ödənilib.
“Keçmiş nazirin övladları Londonda yaşasalar da, Kalvian sahillərinə və Santa Ponça, Puerto Portalları və ya Port Adriano kimi yerlərə tez-tez gəlirlər”, yazıda qeyd olunur.
C. Həsənlinin bildirdiyinə görə, ötən aylarda Palma məhkəməsinin hakimi Eldar Mahmudovun övladları ilə videokonfrans formatında sorğu-sual aparıb. Keçmiş nazirin övladları ittihamları rədd ediblər./azpolitika.info