İnsanların sıx toplaşdığı yerlərdə, bankomat önündə siqaret çəkmək qanuna görə qadağandır. Ancaq məsələ burasındadır ki, bu gün bu qanuna əməl edilmir. Bəs görəsən qanuna əməl etməyən şəxsləri hansı cəza gözləyir?
Stopnarkotik.az xəbər verir ki, mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Moderator.az-a danışıb:
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanunun 10-cu maddəsində tütün çəkilməsinə icazə verilməyən yerlər müəyyən edilib.
Həmin normaya əsasən, Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:
– təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;
– tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;[1]
– idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;
– restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;
– ticarət obyektlərində;
– məişət obyektlərində;
– sosial xidmət müəssisələrində;
– yerləşdirmə vasitələrində;
– teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;
– uşaq meydançalarında;
– yerüstü qapalı və yeraltı piyada keçidlərində;
– müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;
– metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;
– hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;
– hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;
– liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;
– taksafonlarda;
– yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində.
İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsinə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə üç yüz manat məbləğində cərimə edilir. Bu əməl bir il ərzində təkrar törədilərsə, yeddi yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur.
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə otuz manat məbləğində cərimə edilir.
Bundan başqa, hava nəqliyyatında tütün çəkməyə görə yüz manat, dəmir yolu nəqliyyatında və dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə tütün çəkməyə görə qırx manat məbləğində cərimə nəzərdə ttulub.
Avtobusda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkilməsinə görə qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir. Metroda tütün çəkməyə, görə əlli manat məbləğində cərimə edilir”.