İran İslam Respublikasının 9-cu və 10-cu hökumətlərinin başçısı Mahmud Əhmədinejada qarşı iyulun 22-də sui-qəsd cəhdi edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Qeyd olunub ki, Əhmədinejad Zəncana yola düşməzdən əvvəl onun mühafizə dəstəsinin rəhbəri həmişəki kimi İranın keçmiş prezidentinin "Toyota Land Cruiser"də yoxlama aparıb.
Maşını yoxlayandan sonra mühafizə dəstəsinin rəhbəri Əhmədinejaddan maşının soyuducusunun təmir olunmamasından şikayətlənərək ondan başqa maşına minməsini istəyib. Eks-prezident bununla razılaşıb.
Kərəc-Qəzvin şossesində qəfildən "Toyota Land Cruiser" markalı avtomobil yoldan çıxaraq qəzaya uğrayıb. Əhmədinejad avtomobildə olmasa da, onun bəzi yoldaşları və mühafizəçiləri maşında olub.
Səfərdən təxminən bir gün əvvəl Əhmədinejadın təhlükəsizlik komandası onun əsas nəqliyyat vasitəsini təmir üçün prezident institutunun müvafiq bölməsinə təhvil vermişdi. Məlumata görə, maşın prezident institutuna təhvil verildikdən sonra adi prosedurun əksinə olaraq, xüsusi təhlükəsizlik agentlərinin müdaxiləsi ilə bu qurumun avtomobillərinə xidmət göstərən virtual təmir sexinə köçürülmək əvəzinə, həmin qurumun müvafiq bölməsindən gətirilərək naməlum yerə aparılıb.
Naməlum yerdə “Land Cruiser” markalı avtomobilə müdaxilə edilib, daha sonra avtomobil soyuducusunun təmir olunduğu adı altında Əhmədinejadın mühafizə dəstəsinə qaytarılıb.
Qeyd olunub ki, bundan əvvəl də eks-prezidentə qarşı uğursuz sui-qəsd cəhdləri baş verib. Əhmədinejadın ofisi bu barədə məsul orqanlara məlumat vermək üçün məktub göndərib və ona qarşı çoxsaylı hücumlar və sui-qəsdlərin qeydə alınmasından şikayətlənib.