Kadırovun oğlunun Quran yandıran şəxsi döyməsi ilə bağlı istintaq başlanılıb - FOTO

Rusiya hüquq-mühafizə orqanları Quranı yandırmaqda təqsirli bilinərək həbsdə olan Nikita Juravelin Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam tərəfindən döyülməsindən sonra istintaqa başlayıb.

Bu barədə “Baza” “Telegram” kanalı Rusiya Prokurorluğu və İstintaq Komitəsinin cavablarına istinadən məlumat yayıb.

Sənədlərə əsasən, araşdırma Qroznı şəhərinin Axmatovski rayonunun 1 saylı polis bölməsinin əməkdaşları tərəfindən aparılır.

Portalın məlumatına görə, polis Adam Kadırovun hərəkətlərində Rusiya qanunvericiliyinin pozulması hallarının olub-olmamasına qərar verməli olacaq. İstintaqın gedişi Çeçenistan prokurorluğunun nəzarətindədir.

Xatırladaq ki, bu il mayın 19-da sosial şəbəkələrdə Volqoqraddakı Cümə məscidində Quranın yandırılmasını əks etdirən video yayılıb. Yanğın törədən 19 yaşlı Nikita Juravel olub. Gənc həbs edilib. RF İstintaq Komitəsi ona qarşı açılmış cinayət işinin istintaqını Çeçenistanın hüquq-mühafizə orqanlarına təhvil verib və mayın 27-də o, Qroznıdakı istintaq təcridxanasına aparılıb.

Avqustun 16-da Rusiyada İnsan Hüquqları üzrə Müvəkkil Tatyana Moskalkova bildirib ki, Juravel ona Adam Kadırov tərəfindən döyülməsi ilə bağlı şikayət edib. Sentyabrın 25-də Çeçenistan rəhbəri Ramzan Kadırovun özü oğlunun Juravelə hücumunun videosunu dərc edib. O, Adəmin hərəkətindən qürur duyduğunu və onun seçiminə hörmət etdiyini bildirib.