İranın nazir müavini Naxçıvana hücum barədə: "Elan etdiyimiz siyasət budur" - VİDEO

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Naxçıvan Beynəlxalq Aeroportuna dron hücumu ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Azərbaycanın "AnewZ" kanalına danışıb.

"İran İslam Respublikasının siyasətində qonşu ölkələrə hücum etmək və ya onları hədəfə almaq yoxdur. O vaxta qədər ki, orada bizim düşmənlərimiz olan ABŞ və İsrail rejiminin aktiv hərbi bazaları yoxdur. Hansı ki, onlar İranda günahsız insanlara hücum etmək üçün istifadə olunur. Çünki biz ən başdan elan etmişdik ki, hansısa baza İrana hücum edəcəksə, biz onları hədəfə alacağıq. Bizim elan etdiyimiz siyasət budur", - o açıqlamasında bildirib.

Kazım Qəribabadinin sözlərinə görə, məsələ ilə bağlı yayılan məlumatların dəqiqliyi araşdırılmalı və hadisənin necə baş verdiyi müəyyənləşdirilməlidir.

Xatırladaq ki, İran tərəfindən Naxçıvanın Beynəlxalq Aeroportu dron hücumuna məruz qalıb. Azərbaycan Müdafiə Nazirliyi məsələyə dərhal reaksiya verib. Bildirilib ki, baş verən hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır. Qeyd olunub ki, bu hücum aktları cavabsız qalmayacaq.