Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib.
Bu haqda BBC məlumat yayıb.
İranın Qətərdəki ABŞ bazalarına 6 raket atdığı bildirilir.
Qeyd edək ki, ABŞ mətbuatında İranın yaxın saatlarda bu ölkənin Qətərdəki hərbi bazalarından birinə raket zərbəsi endirə biləcəyi ilə bağlı iddialar səslənib.
İran dövlət televiziyası hücumla bağlı açıqlama yayıb.
Açıqlamada deyilir: “İran ABŞ-ın Qətərdəki Əl-Udeyd bazasına qarşı əməliyyata başlayıb.”
İran əməliyyata “Böyük fəth müjdəsi” adı verib.
Qətərin “əl-Cəzira” telekanalı raketlərdən üçünün hərbi bazanın ərazisindəki obyektlərə düşdüyünü açıqlayıb.
"ABŞ-ın İranın dinc məqsədli nüvə obyektlərinə qarşı hücumuna cavab olaraq, Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə SEPAH və "Xatəm əl-Ənbiya" komandanlığı ilə "Bərəkətül-Fəth" əməliyyatı çərçivəsində Qətərdəki Əl-Udeyd aviabazasına güclü raket zərbəsi endirib."
Bu açıqlama İran Silahlı Qüvvələrinin bəyanatında öz əksini tapıb.
Qeyd edək ki, baza ABŞ Hərbi Hava Qüvvələrinin qərargahı və ABŞ-ın regiondakı ən böyük hərbi obyektidir.
İran tərəfi həmçinin bildirib ki, ölkənin ərazi bütövlüyü və təhlükəsizliyinə hər hansı qəsd cavabsız qalmayacaq. İran regiondakı ABŞ bazalarını həssas nöqtələr adlandırıb.