Pakistanın keçmiş Baş naziri və Ədalət Hərəkatı Partiyasının sədri İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Pakistan TV” məlumat yayıb.
Bildirilib ki, sabiq hökumət başçısı dövlət xəzinəsindən dələduzluq yolu ilə qiymətli əşyalar satdığına görə barəsində 3 illik həbs qərarı qəbul edilib.
Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub. 2022-ci ilin aprelində ona etimadsızlıq göstərilib və oktyabr ayında seçkidən kənarlaşdırılıb. Ardınca da beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.
9 may 2023-cü ildə İmran Xan polis tərəfindən saxlanılıb. O və həyat yoldaşı Büşra Bibi korrupsiyada və Əl-Qadir Universitetinin yaradılmasında büdcədən 50 milyard Pakistan rupisi (təxminən 175 milyon dollar) mənimsəmək üçün ailə fondu olan "Əl-Qadeer Trust"dan istifadə etməkdə ittiham olunurdular. Mayın 10-da məhkəmənin onu həbs etməsi ölkədə kütləvi etirazlara səbəb olub. Mayın 11-də həbsi qanunsuz elan edilib və keçmiş baş nazir zaminə buraxılıb.