İmişlidə ata və oğlu Araz çayında batıb - YENİLƏNİB-1

İmişlidə ata və oğlu Araz çayında batıb.

Hadisə Araz çayının Şahverdilər kəndi ərazisindən keçən hissəsində baş verib.

Çayda çimən 1990-cı il təvəllüdlü Əliyev Asif Ələsgər oğlu və onun azyaşlı övladı 2019-cu il təvəllüdlü Əliyev Rəvan Asif oğlu boğulub.

Bir müddət əvvəl atanın meyiti sudan çıxarılsa da, azyaşlının meyitinin axtarışları davam etdirilir.

***

16:47

İyulun 11-də günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində batan 2 nəfərdən birinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

FHN-dən verilən xəbərə görə, digər şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

16:21

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub./apa