Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələri və ölkənin aparıcı siyasi qüvvəsi olan “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qələbəsi münasibətilə Baş nazir İrakli Kobaxidzeni təbrik edib.
APA xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda bildirib: “Bu səsvermə vasitəsilə Gürcüstan vətəndaşları inkişafa, sabitliyə və ənənəvi dəyərlərə öz dəstəyini ifadə etdilər. İnanıram ki, seçkilərin nəticələri Gürcüstanın hərtərəfli inkişafına və çiçəklənməsinə xidmət edəcəkdir.
Eyni zamanda, seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamımı ifadə edirəm.
Siyasi dialoqumuzu davam etdirmək üçün Sizi münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm.
Əminəm ki, ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun rifahı və təhlükəsizliyi naminə strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı fəaliyyətimizin müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”.
Prezident İlham Əliyev Baş nazir İrakli Kobaxidzeyə ən xoş arzularını çatdırıb, dost Gürcüstan xalqına daim əmin-amanlıq və rifah diləyib.