Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəmə növbəti prosesi keçirilib.
Stopnarkotik.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili və zərərçəkən şəxsin nümayəndəsi vəsatət verərək prosesin qapalı keçirilməsini xahiş ediblər. Onlar bildirib ki, yayılan məlumatlardan sonra həm təqsirləndirilənin, həm də zərərçəkənin şəxsiyyəti ilə bağlı sosial şəbəkələrdə nalayiq ifadələr səslənir.
Sədrlik edən hakim isə bildirib ki, proses qapalı keçirilsə də, insanlar buna başqa mənalar verib, şərhlər yazacaqlar.
Daha sonra məhkəmə müşavirəyə gedib.
Müşavirədən sonra məhkəmə heyəti prosesin qismən qapalı keçirilməsinə qərar verib. Bu, hər iki tərəfin ifadələrini sərbəst verə bilməsi ilə izah olunub, vəsatət əsassız hesab edilib.
Proses davam edir.
Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Ə.Ş-yə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.