Qusar rayonunda 1989-cu il təvəllüdlü Həsən tanışı Emilə qarşı dələduzluq edib.
Stopnarkotik.az demokrat.az-a istinadən xəbər verir ki, Həsən Qusar rayonu Hil kənd sakini Emili Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon dövlət yanğından mühafizə hissəsinə yanğınsöndürən kimi işə düzəltdirəcəyinə söz verib.
O, 20 yanvar 2020-ci ildə Emil və dayısı Sahil ilə Bakı şəhəri Avtovağzal ərazisində yerləşən kafedə görüşərkən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun onun əmisi olduğunu, Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsində işləyən general rütbəli tanışı olduğunu, Emilin işini həmin general vasitəsi ilə həll edəcəyini deyib. Bu adla Emil və onun ailə üzvlərindən ümumilikdə 6.430 manat alaraq dələduzluq edib.
Həsənin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.1-ci (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, Emili təxminən 2019-cu ilin son aylarında Qusar şəhərində yerləşən “Bayraq” meydanında restoran işlətdiyi vaxt iş üçün ona müraciət etməsi ilə əlaqədar tanıyıb:
“Lakin həmin restoran tam olaraq işə düşmədiyinə görə Emili işə götürə bilmədim. 2019-cu ilin təxminən noyabr-dekabr aylarında Emilin dayısı mənə zəng edərək onu yanğın söndürən kimi işə düzəltdirmək üçün görüşmək istədiyini bildirdi. Bundan sonra Qusar şəhərində fəaliyyət göstərən “Xutorok” istirahət mərkəzində görüşdük.
Görüş zamanı Emili FHN-də işə qoymaq üçün elə bir güclü tanışımın olmadığını, lakin Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovla yaxın münasibətlərinin olduğunu, bu işlə bağlı ona müraciət edib, Emilə kömək etməsini xahiş edəcəyimi bildirdim. Həmin vaxt hər ehtimala qarşı Emildən onun şəxsiyyət vəsiqəsi, hərbi biletini və sağlamlıq haqqında arayışını götürdüm. Onlara məlumat verəcəyimi dedim”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra Emilin dayısı ilə danışıb və ona bu işin alınmayacağnı bildirib:
“Bir müddət sonra Emilin anası Leyla da mənə müraciət edərək oğlunu Qusar şəhərində “Bayraq” meydanının yanında işlətmək üçün götürdüyüm restoranda iş verməsini xahiş etdi. Ona restoranın kommunal borclarının yığıldığını, stol-stul olmadığını, restoranın hələ tam işə düşmədiyini dedim. Beləliklə də, Emilinm anası ilə də aramızda münasibət yarandı. Bir müddət sonra Leyla yenidən mənə zəng etdi, oğlu Emili restoranda işə düzəltməyimin mümkün olub-olmadığı ilə maraqlandı. Leylaya restorana stol-stul almaq, kommunal borclarını ödəməkdən ötrü 1000 manat məbləğində borc verməsini, restoran işə başladıqdan sonra Emili də yanıma işə götürəcəyimi bildirdim. Leyla da mənə 1000 manat borc verəcəyinə söz verdi. Bu söhbətdən sonra Leyla bank kartıma 730 manat məbləğində pul göndərdi. Bu pulları da müxtəlif vaxtlarda 500 manat, 200 manat, 30 manat olmaqla göndərib. Lakin Leyla bu pulları göndərdikləri tarixləri dəqiq olaraq xatırlamıram”.
Həsən qeyd edib ki, bundan sonra Aydın Əzizovun şikayəti əsasında 27 mart 2021-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq barəsində cinayət işi başlanılıb:
“Daha sonra isə həbs edildim. Bu səbəbdən Leyladan aldığım 730 manat məbləğində borcu qaytara bilmədim. Bundan başqa nə Leyladan, nə də onun oğlu Emildən işə qoymaqla bağlı heç bir məbləğdə pul almamışam”.
Təqsirləndirilən şəxs deyib ki, heç vaxt nə zərərçəkmiş şəxsə, nə dayısına, nə də anasına onu Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsində işləyən general rütbəli tanışı vasitəsilə işə qoyacağını, Emilin FHN-nə işə düzəltmək üçün 5000 manat pulu həmin generala verəcəyini bildirməyib.
İş üzrə zərərçəkmiş Emilin sözlərinə görə, 2019-cu ilin təxminən payız aylarında anası Leylanın işlədiyi “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Qusar rayonu Ləzə kənd sakini Bəylər adlı şəxsi görərkən onunla onun işə düzəlməsi məsələsi haqqında danışıb:
“Bəylər mənə sonradan tanıdığımız, Qusar rayonu Bədirqala kənd sakini Həsənin mobil telefon nömrəsini verərək kömək edə biləcəyini dedi. Mən anam və dayım ilə Həsənlə telefon vasitəsi ilə əlaqə saxladıq Dayım Həsənin mobil telefon nömrəsinə zəng etdi və təxminən 2019-cu ilin sonlarında onunla Qusar şəhərində yerləşən “Xutorok” ailəvi istirahət mərkəzində görüşdü. Mənim işə düzəlməyim barədə söhbət etdilər. Həmin vaxt Həsən dayıma məni Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon dövlət yanğından mühafizə hissəsinə yanğınsöndürən kimi işə düzəltdirəcəyinə söz verdi. Bu işin həlli üçün 5.000 manat verməli olduğumuzu dedi. Biz də Həsənə inanaraq razılaşdıq”.
Zərərçəkmiş qeyd edib ki, Həsən onlara özünü Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qohumu kimi təqdim edib, geniş əlaqələrinin, tanışlarının olduğunu bildirib:
“Buna görə də biz ona inandıq. Həsən bu işi həll etmək üçün mənim şəxsiyyət vəsiqəmi, hərbi biletimi və sağlamlıq haqqında arayış istədiyi üçün həmin sənədləri ona verdim. Həsən həmin sənədlərin əsillərini özündə saxlayaraq işini danışıb və həll edəcəyinə söz verdi. Həsən işi həll etmək üçün 5.000 manat verməyimizi bildirdi. Xalam Sitarədən 2000 manat, digər xalam Səxavətdən də 3000 manat borc götürdük. 5000 manat pul düzəltdik. 20 yanvar 2020-ci ildə, saat təxminən 11 radələrində dayım ilə birlikdə Bakı şəhəri Avtovağzal ərazisində yerləşən, adını bilmədiyim kafedə Həsənlə görüşdük. Həsən bir daha məni FHN-nin Qusar rayon dövlət yanğından mühafizə hissəsinə yanğınsöndürən kimi işə düzəltdirəcəyinə söz verdi. Eldar Əzizovun onun əmisi olduğunu, Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsində işləyən general rütbəli tanışının olduğunu, mənim işimi həmin general vasitəsi ilə həll edəcəyini, eləcə də başqa işə düzəlmək istəyən şəxslər olduğu halda ona xəbər etməyimizi, həmin işin başqaları tərəfindən səkkiz-on min manata düzəldildiyini, lakin özünün isə beş min manata tam olaraq işlə təmin elətdirəcəyini dedi. Həsən mənim işə qəbul olunmağım üçün 5000 manat pulu həmin generala verəcəyini, işi düzəldəndən sonra da onun özünə imkanımız çatan qədər hörmət etməli olduğumuzu bildirdi. Biz də bir daha ona inandıq. Dayım elə orada Həsənə 5000 manat məbləğində pul verdi. Həsən bu pulu aldı. Bizə gözləməyimizi, təxminən iki ay müddətinə onu işə düzəltdirəcəyini dedi. Biz sonra oradan Qusar rayonuna qayıtdıq”.
Emil deyib ki, 2020-ci ilin təxminən yanvar ayının axırları, fevral ayının əvvəllərində Həsən onun mobil telefon nömrəsinə zəng edib:
“FHN-də general rütbəli tanışının mənə baxaraq yoxlamaq istədiyini, ona görə də Bakı şəhərinə getməyimi bildirdi. Mən də Bakı şəhərinə getdim, Həsənlə görüşdüm. Həsən “KİA” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığım avtomobili ilə təxminən 5 dəqiqə ərzində hərəkət etdikdən sonra generalın olduğu idarəyə çatdığımızı bildirdi. Biz içəri daxil olduqda Həsən mənə dəhlizdə gözləməyi dediş Həmin binanın birinci mərtəbəsində dəhlizdə gözləyərkən Həsən ikinci mərtəbəyə qalxaraq düşdü. General rütbəli tanışının kamera cihazlarından məni gördüyünü və bəyəndiyini bildirdi. Həsən məni inandırmaq üçün yalandan generalın məni nəzərdə tutaraq “qırmızı yanaq” oğlanı bəyəndiyini dediyini bildirdi. Həsən bir dəfə də Bakı şəhərinə gəlib tibbi komissiyadan keçdikdən sonra işimin düzələcəyini dedi. Bundan sonra isə Həsənlə Qusar rayonuna qayıtdıq. Həsən işimin düzəldilməsi məqsədi ilə Fövqaladə Hallar Nazirliyinin Tibb komissiyasından keçirilməsi üçün, həmin komissiyanın üzvlərinə vermək məqsədilə əlavə olaraq yenə də pul verməli olduğumuzu dedi. Ona görə də bu pulu düzəltmək üçün xalam Sitarədən 700 manat borc aldıq. 2020-ci ilin təxminən mart-may ayları aralığında anam və dayım ilə görüşdü. Həmin vaxt dayım Həsənə 700 manat məbləğində pul verdi. Həsən bu pulun da komissiya üzvlərinə çatacağını bildirdi. Həsən məni tibbi komissiyadan keçirmək adı ilə anamdan müxtəlif vaxtlarda həmin komissiyanın üzvlərinə vermək üçün əlavə olaraq yenə də pul istədi. Ona görə də anam Həsənin kart hesab nömrəsinə “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə bir neçə dəfəyə cəmi 730 manat məbləğində pul göndərdi”.
Zərərçəkmiş bildirib ki, Həsən hər dəfə anasına komissiyadan keçmək üçün pulun az olduğunu deyib və bu pulları alıb:
“Dəfələrlə Həsənə işinin nə yerdə qaldığı barədə maraqlansaq da, o, hər dəfə gözləməli olduğumuzu deyib, bizi aldadıb. Mənim işimi isə düzəltməyib”.
Emil bildirib ki, 18 oktyabr 2020-ci ildə könüllü olaraq 2-ci Qarabağ Müharibəsinə yollanıb:
“Müharibədə olduğum müddətdə anam və dayım Həsənlə dəfələrlə əlaqə saxlasa da, onları aldatmağa davam edib. Müxtəlif aldadıcı vədlər verib. Həsən özündə saxladığı şəxsiyyət vəsiqəmin əslini 2020-ci ilin əvvəllərində, hərbi biletimin əslini isə həmin ilin sonlarında qaytarıb. 9 yanvar 2021-ci ildə müharibədən qayıtdıqdan sonra Həsənlə “whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxladım. Həsən mənə Novruz bayramına qədər işinin həll olunacağını bildirsə də, bundan sonra işin nə yerdə olduğunu öyrənmək üçün dəfələrlə onunla əlaqə saxlasam da o, əvvəlcə zənglərimə cavab vermədi. Daha sonra isə onun telefon nömrəsinə bir daha zəng çatmadı. Həsən görüşməkdən yayındı. Bundan sonra Həsənin etibarından sui-istifadə edərək məni aldatdığını başa düşdüm. Həsən məni işə düzəldəcəyini yalandan vəd verib və cəmi 6.430 manat məbləğində pulumu ələ keçirib”.
Emil qeyd edib ki, Həsən FHN-də rəhbər vəzifədə işləyən general rütbəli tanışının ad və soyadını deməyib:
“Bu barədə ətraflı məlumat vermədi. Həsənə çox etibar etdiyimizə, özünü hər yerə əli çatan adam kimi təqdim edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizovun qardaşı oğlu olduğunu bildirdiyinə görə onun sözlərinə inanmışıq”.
Bu cinayət işinə Qusar rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Həsən 3 il müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il tarixli hökmü ilə təyin olunan 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə birləşdirilib.
Həsənə qəti olaraq 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.