“Ermənistanın Azərbaycanla sərhədyanı ərazilər, demək olar ki, boşaldılır”. Bunu Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan deyib. Deputat sərhədyanı kəndlərdə dövlət strukturlarının bir-bir bağlandığını qeyd edib.
Sözgedən məsələ Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. Bəs görəsən Ermənistan hökumətinin sərhədyanı ərazilərdə dövlət strukturlarını bağlaması nədən xəbər verir?
Stopnarkotik.az xəbər verir ki, mövzu ilə bağlı politoloq Samir Hümbətov Yenisabah.az-a danışıb. Politoloq bu addımın 2 istiqamətli ola biləcəyini deyib:
“Ermənistanın bu addımı 2 istiqamətdə ola bilər. Birincisi, təxribat xarakterli ola bilər ki, guya Azərbaycan Ordusu hərbi eskalasiyaya hazırlaşır və biz bundan çəkinərək sərhədyanı əraziləri boşaldırıq. Belə olsaydı, ilk öncə əhalini təxliyyə etməli idilər, lakin onlar dövlət qurumlarını köçürür. Burdan da aydın olur ki, bu sadəcə Ermənistanın növbəti təxribatlarından biridir. Bu addım sadəcə təxribatdır. Ermənistan ötən həftə ABŞ ölkədəki səfirliyinin vətəndaşlarına Azərbaycanla sərhəddə getməkdən çəkinmələri ilə bağlı xəbərdarlığından sonra buna bənzər addım atmaqla, Azərbaycanı hərbi hücuma hazırlaşan dövlət kimi göstərməyə çalışır. Lakin həqiqətən belə bir təhlükə hiss edirlərsə onda ilk olaraq əhalini köçürməlidirlər. Ona görə düşünürəm ki, bu vəziyyətdə təxribatın olma ehtimalı daha çoxdur”.
Samir Hümbətov bunun delimitasiya-demarkasiya prosesi ilə bağlı olmadığını qeyd edib.
“İkinci tərəfdən, Azərbaycanla delimitasiya-demarkasiya prosesini aparmaq üçün rəsmi Bakının yurisdiksiyasına keçəcək əraziləri boşaltmaq üçün belə bir addım ata bilərlər. Çünki dövlət sturukturlarının köçürülməsi sərhədyanı ərazilərdə legitim hakimiyyəti Azərbaycana təhvil verilməsi kimi görülə bilər. Lakin bu real görünmür, çünki belə bir məsələ ilə bağlı heç bir açıqlama yoxdur. Digər tərəfdən, sözügedən dövlət qurumları sadəcə bələdiyyələr və bir sıra lokal dövlət qurumlarıdır”.