Erməniləri “siçovul” adlandıran rus bloger HƏBS OLUNDU

Ermənistan hüquq-mühafizə orqanları rusiyalı bloger Nadejda Pirojkovaya cinayət işi açıblar. 

Bu barədə Ermənistan İstintaq Komitəsi medianın sorğusuna cavab olaraq bildirib. İttiham onun öz paylaşımında ermənilərin Vardavar milli bayramı ilə bağlı qəzəbini ifadə etməsi və erməniləri "siçovul xalq” adlandırması ilə bağlıdır.

Cinayət işi internetdən istifadə edərək nifrət və ayrı-seçkiliyə yönəlmiş ictimai çıxışlar maddəsi (Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndi) ilə açılıb. Bu maddə bir ildən dörd ilə qədər həbs cəzasını nəzərdə tutur.

İstintaq müddətində blogerə yaşayış yerini icazəsiz tərk etmək qadağan edilib. Ermənistan qanunvericiliyinə görə, bu o deməkdir ki, şəxs müstəntiqin, prokurorun və ya məhkəmənin icazəsi olmadan yaşadığı şəhəri tərk edə bilməz. Pozuntu halında müstəntiqlər həbs də daxil olmaqla daha sərt qətimkan tədbiri tələb edə bilərlər.

Pirojkova 2025-ci ilin yazından bəri Ermənistanda yaşayır. “İnstagram”-dakı paylaşımlarında daha əvvəl o, erməni ev sahibi ilə mübahisə də daxil olmaqla, məişət münaqişələrindən şikayətlənib. İyulun 14-də isə ermənilərin Vardavar milli bayramını sərt şəkildə tənqid edən bir video yayımlayıb. Bu bayramda ermənilər ənənəvi olaraq bir-birini su ilə isladır. Bu isə rusiyalı xanımın xoşuna gəlməyib. Videoda o, bu bayramda iştirak etmək istəməyənləri ermənilərin su ilə islatmasını “ədəbsizlik və aqressivlik” adlandırıb. O, həmçinin bayram iştirakçılarından birinin onu su ilə islatmasını lentə alıb. Daha sonra Pirojkova erməni xalqını "siçovul xalq" adlandırıb və su ilə isladılması nəticəsində guya paltarlarının xarab edilməsindən şikayətlənib.

"Əgər su tapançaları və vedrələrlə su götürmüsünüzsə, onda sizin kimi insanlarla oynayın! Niyə hamını su ilə isladırsınız? Əgər mən sizin ölkənizdəyəmsə, bütün ənənələrə riayət etməyə borclu deyiləm. Bu, birbaşa təcavüzün təzahürüdür", - deyə o, öz videosunda bildirib.

Bir çox istifadəçi qeyd edib ki, Vardavar zamanı yoldan keçənlərin üzərinə su atmaq ənənəvi haldır və şənlikdə iştirak etmək istəməyənlər adətən həmin gün evdə qalmağa çalışırlar. Digərləri isə qızı yerli adət-ənənələrdən razı deyilsə, başqa ölkəyə köçməyə çağırıblar.

Ümumilikdə, Pirojkovanın videosu iki həftə ərzində 240.000-dən çox baxış və 5.000-dən çox şərh toplayıb, onun izləyici sayı 15 dəfədən çox artaraq 31.000-i keçib. Videonu çəkdikdən iki gün sonra rusiyalı bloger üzr istəməli olub. Buna baxmayaraq, Ermənistan polisi Pirojkovanın ifadələri ilə bağlı araşdırma aparıb. Nəticələr Ermənistan İstintaq Komitəsinə göndərilib və orada xanım blogerə cinayət işi açılıb./azpolitika