DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Stopnarkotik.az  xəbər verir ki, müraciətdə deyilir:

"Mövcud hava şəraitinin yol hərəkəti iştirakçılarına yaratdığı çətinliklərlə bağlı edilən xəbərdarlıqlara baxmayaraq, son iki gündə qeydə alınan yol qəzalarının təhlili verilən tövsiyələrə daha ciddi əməl olunmasının vacibliyindən xəbər verir.

Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı hava ilə əlaqədar bir daha avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək onlardan yağışlı, dumanlı havalarda sürüşmə ehtimalının dəfələrlə artmasını, görünüş məsafəsinin əhəmiyyətli dərəcədə məhdudlaşmasını nəzərə alaraq, sürət həddini minimuma endirməyi, kifayət qədər ara məsafəsi saxlamağı, avtomobillərinin mövsümə uyğun təchiz olunmasını təmin etməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyətlər yaratmamağı xahiş edir".