Dünyada narkotik vasitələrin qeyri-leqal dövriyyəsi 650 milyard dollardır - HESABAT

Narkotiklərin qanunsuz dövriyyəsi və istehsalı beynəlxalq təhlükəsizliyə və əhalinin sağlamlığına əsas təhdid olaraq qalmaqdadır. Bu barədə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında deyilir. 

BMT Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) və müvafiq beynəlxalq araşdırma mərkəzlərinin təqdim etdikləri göstəricilərə görə, dünya miqyasında narkotik vasitələrin qanunsuz dövriyyəsinin illik həcmi təxminən 650 milyard ABŞ dolları (dünya üzrə ÜDM-nin təxminən 1%-i) təşkil edir.

BMTNCİ tərəfindən hazırlanan Ümumdünya Narkotiklər Hesabatının 2024-cü ildə nəşr edilmiş buraxılışına əsasən, Cənubi Amerika və Cənub-Şərqi Asiya regionu qanunsuz narkotik istehsalı və dövriyyəsinin əsas mərkəzləri olaraq qalmışdır. Qeyd edək ki, tiryək istehsalında ən böyük pay sahibləri Əfqanıstan, Myanma və Meksika kimi ölkələrdir. 2022-ci ilin aprel ayında Əfqanıstanda tiryək istehsalına qadağa qoyulması ilə 2023-cü ildə əvvəlki illə müqayisədə Əfqanıstanda narkotik istehsalı 95% azalmış, Myanmada isə tiryək istehsalı əksinə 36% artmışdır. Beləliklə, 2023-cü ildə qlobal tiryək istehsalında 74% azalma müşahidə olunmuşdur. Bununla belə, Əfqanıstanda narkotik vasitələrin becərilməsinə qoyulan qadağa onun qanunsuz ticarətinin qarşısını almamış, əksinə qiymətlərin 3-4 dəfə artmasına səbəb olmuşdur. Eyni zamanda, becərilmə tələb etməyən metamfetamin və bu tipli sintetik tərkibli narkotiklərin istehsalında artım müşahidə olunmuşdur.

BMT tərəfindən monitorinq aparılmış son illər ərzində dünyada kokain istehsalında tiryəkdən fərqli olaraq ciddi artım tempi müşahidə olunmaqdadır. 2022-ci ildə dünya üzrə kokain istehsalı 2700 ton səviyyəsində və kokain becərilən ərazilər isə 355000 hektar müəyyən edilmişdir. Dünyada kokain istehsalının ən böyük pay sahibləri Latın Amerikası ölkələri, xüsusilə Kolumbiya, Peru və Boliviya olmaqda davam edir. Kokainin qeyri-qanuni ixrac olunduğu əsas bazarları isə Şimali Amerika ilə yanaşı, Qərbi və Mərkəzi Avropa ölkələridir. Dünya ölkələrinin 90%-i kokainin müsadirəsi halları ilə bağlı məlumat vermişdir.

BMTNCİ-nin hesabatına əsasən, dünyada narkotik istifadəçilərinin sayı artaraq 292 milyona çatmışdır. Kannabis ən çox istifadə olunan narkotik vasitə olaraq qalmaqdadır. Belə ki, dünya əhalisinin böyük hissəsi (təxminən 228 milyon) kannabis, digər hissəsi isə opioid, amfetamin, kokain və ekstazi istifadəçisidirlər.

Son illərdə sintetik tərkibli narkotik vasitələrin istehsalı artmaqdadır. Mənşəyi bəlli olmayan sintetik vasitələr ölüm hallarının sayının artmasına gətirib çıxarmışdır. Təqdim olunmuş məlumatlara əsasən, təkcə sintetik opioiddən ölənlərin sayı 81 000 nəfərə çatmışdır. metamfetamin və bu tipli sintetik tərkibli narkotiklərin istehsalını artırmışdır.  Həmçinin son illərdə kannabisdən (çətənə) qeyri-tibbi məqsədlərlə istifadə üçün istehsalı və satışının leqallaşdırılması tendensiyası artmışdır. Belə ki, Kanada və ABŞ-nin 27 ştatında kannabisdən qeyri-tibbi məqsədlərlə istifadə üçün istehsalı və satışı tam leqallaşdırılmış, Uruqvayda isə bu proses dövlətin nəzarəti altında həyata keçirilir. Həmçinin Almaniya və Luksemburqda şəxsi istifadə üçün kannabis becərilməsinə icazə verilir. Kannabisin leqallaşdırılmasına dair qərar qəbul edən ölkələr sırasında Malta, Niderland, İsveçrə, Cənubi Afrika Respublikası və Tailand da yer alır. Məlum olduğu kimi, informasiya texnologiyalarının inkişafı nəticəsində “darknet” kimi tanınan internet platformalarında qanunsuz narkotik ticarəti artmaqdadır. Belə ki, 2011-ci illə müqayisədə 2023-cü ildə “darknet”də narkotiklərin satışı 10 dəfə artmışdır. Hazırda təxmini hesablamalara görə, narkotik ticarətinin 19%-i məhz “darknet” platformasının üzərinə düşür və ödənişlərin 70%-i kriptovalyutalar vasitəsilə aparılır. 

Stopnarkotik.az