"Dedi ki, 93 min dollar donorun qiymətidir" - Talassemiyalı uşaqlara yığılan pulun mənimsənilməsi ilə bağlı məhkəmə

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aynur Bayramovanın vəkillərinin yenə məhkəməyə gəlmədiyi bildirilib.

Hakim Azad Məcidov buna irad bildirib: "Təqsirləndirilən Aynur Bayramovanın üç vəkili var, amma heç biri iştirak etmir. Bunun səbəbini də bildirməyiblər. İnsanlar bura rayondan gəlir. Vəkillərinə de ki, məsuliyyətli olsunlar".

Prosesdə fasilə elan olunub.

Daha sonra vəkil prosesə qatılıb və gecikdiyi üçün üzr istəyib. Sədr vəkilə prosesə vaxtında gəlmədiyi üçün irad bildirib.

Daha sonra zərərçəkən Ramin Dadaşov ifadə verib.

O bildirib ki, bir övladı talassemiya xəstəliyindən dünyasını dəyişib: "Daha sonra ikinci uşağım dünyaya gəldi. Onda da talassemiya tapıldı. Aysel Məmmədovayla danışıb, vəziyyəti izah etdim. Dedi ki, əməliyyat üçün 80 min dollardan artıq vəsait lazımdır. Daha sonra qohumum Mayis Bayramova 30 min dollar verdim ki, Nuridəyə versin. O, 30 min dollar pulu Toğrulun yanında Nuridəyə vermişdi. Mayisin oğlu da xərçəng xəstəsi idi. Bu səbəbdən Nuridəgili tanıyırdı. Daha sonra talassemiya qrupunda Nuridənin ölkədən qaçdığı barədə məlumat oxudum. Ayseldən soruşanda dedi ki, Nuridə həbs olunub. Aysel Məmmədovanın dayısı mənə 15 min manat qaytarıb. Hazırda hər iki şəxsdən qalan 36 min manatı tələb edirəm".

Zərərçəkən Kəmalə Nuriyeva isə deyib ki, xəstə övladını Tallesimiya Mərkəzində qan köçürməyə apararkən yardım edən şirkətlə bağlı xəbərlər eşidib və orada Aynur Bayramova ilə tanış olub: "Aynur Bayramova mənə yardım edəcəyini söylədi. Bir müddət sonra zəng edib donorun tapıldığını söyləyib məni o qədər sevindirdi ki, elə bildim yenidən dünyaya gəlmişəm. Düşünürdüm ki, o, bir mələkdi. Dedi ki, 93 min dollar donorun qiymətidir. Lakin, aksiya var, 20 min dollar versəm kifayətdir. Nəyim varsa satdım. Tək anayam və o, tək övladımdır deyə bütün qohumlarım mənə pul göndərdi. Mən hazırda bu pulu Aynur Bayramova və Nuridə Seyidovadan tələb edirəm".

Zərərçəkən Solmaz Eyvazova bildirib ki, o, xəstə nəvəsinə donor axtarıması üçün Aysel Məmmədovaya 6800 manat pul ödəyib. Bir müddət sonra isə uşaqların müalicə üçün göndərilməsi ilə məşğul olduğunu iddia edən Aynur Bayramova ilə tanış olub: "İttiham olunan hər üç şəxs ilə bu məsələni danışdım. Aysel Məmmədova məndən 30 min dollar pul istədi. Aynur Bayramova isə 15 min dolların kifayət edəcəyini dedi. Mən 25.500 manatı Nuridə Seyidovaya verdim. Yan otaqdan bir oğlan gəlib saydı. Mən 15 min dolları Nuridə Seyidovadan, 6 min 800 manatı Aysel Məmmədovadan tələb edirəm".

Nuridə Seyidova pulu aldığını etiraf edib, lakin pulu Aynur Bayramovaya verdiyini deyib.

A.Bayramova isə həmin vaxt Türkiyədə olduğunu bildirib.

Digər zərərçəkən Ceyran Musayeva nəvəsinin talassemiya xəstəsi olduğunu açıqlayıb. O da Aynur Bayramova ilə Talassemiya Mərkəzində tanış olduğunu deyib:

"Aynur Bayramova və onun vasitəsilə tanış olduğum Nuridə Seyidova ilə kafedə oturmuşduq. Onlara əlimdə olan 20 min manat pulu verdim. Aynur Bayramova da dedi ki, gətir, 300 dollar da ver, nəvənin qanını götürüm, gedim donor axtarım. Daha sonra dedi ki, donor Polşadan tapılıb. Qızım o zamanlar hamilə idi. Onun övladı dünyaya gəldikdən sonra belə onlardan səs çıxmadı. Qızım da kürəkənimlə birgə Samsuna getdilər. Orada öyrəndilər ki, adımıza pul köçürülməyib. Orada da çox xərcimiz çıxdı. Hazırda 20 mini və Samsunda xərclədiyim 13 mini Nuridə Seyidova və Aynur Bayramovadan tələb edirəm".

Proses fevralın 5-də davam etdiriləcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.