Daha bir neçə seçki məntəqəsinin nəticələri ləğv olundu - YENİLƏNİB

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Nağıyeva Vəfanın müraciətinə baxılıb.

Stopnarkotik.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Ramiz İbrahimov deyib.

Ramiz İbrahimov bildirib ki, namizəd seçki dairəsi üzrə 23 seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılmasını xahiş edib: “Müraciət araşdırılıb. Vəfa Nağıyeva şikayətində səsvermə günü müşahidəçilərə maneələr yaradıldığını, seçki qutularına topa bülleten atıldığını, səslərin səsvermə otağından kənarda sayıldığını və s bu kimi qanun pozuntuları olduğunu iddia edib. Müraciətinə özündə 86 videogörüntünü və 49 protokolun şəklini əks etdirən elektron informasiya daşıyıcısı əlavə edilib. Namizəd Vəfa Nağıyevanın iddiaları araşdırılıb. 86 videogörüntüyə baxış keçirilib. 2 videogörüntüdə pozuntu var. Videogörüntülərin hamısının pozuntunu əks etdirməməsini deyəndə o, səs-küy salıb. Eyni zamanda sonradan 2 videogörüntü də göndərib ki, onlar da təkrar videolar olub. Araşdırma zamanı seçki dairəsi üzrə 24, 27, 34, 35, 48 və 49-cu seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsas yaranıb”.

Məsələ səsverməyə çıxarılıb, qeyd edilən 6 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində 70 saylı Neftçala Seçki Dairəsi üzrə lider namizəd 46.2 faiz səslə Tənzilə Rüstəmxanlıdır.

***17:07

Sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular qeydə alınıb.

Stopnarkotik.az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.

MSK-nın və Ekspert qrupunun üzvü Baxşeyiş Əsgərovun təqdimatına əsasən, deputatlığa namizəd Məcidzadə Şəhriyar Sərdar oğlu MSK-ya müraciət edərək 17 seçki məntəqəsində səsvermə günü qanun pozuntularının baş verdiyini iddia edib.

"Namizədin təqdim etdiyi və sosial şəbəkələrdə yayılan görüntülərə baxılıb. Araşdırmanın nəticəsində məlum olub ki, dairənin 3, 4 və 18 saylı seçki məntəqələri istisna olmaqla digər məntəqələrdəki pozuntular təsdiqini tapmayıb. Nəticələri ləğv edilən seçki məntəqələrinin sayı qanunvericilikdə nəzərdə tutulandan az olduğuna görə dairənin ümumi nəticələrinin ləğv edilməsinə əsas yaranmayıb", - B.Əsgərov qeyd edib.