Bu gündən Azərbaycanda avtomobillərin parklanması ilə bağlı yeni qaydalar və tariflər qüvvəyə minib. Artıq parklanma üçün bütün ödənişlər nağdsız qaydada aparılacaq.
Stopnarkotik.az unikal.az-a istinadən xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı yeni sistemin fəaliyyətə başaldığı ilk gündə baş verən problemlərdən danışıb. O bildirib ki, bu sahədə özbaşınalıq hələ də davam edir:
"Təəssüflər olsun ki, Qarabağ qazilərinin adından istifadə edən mafiya bu gün də iş başındadır. Artıq "Azparking" əməkdaşlarının bəzilərini döyüblər, üst-başlarını cırıblar. Onları polis saxlayıb bölməyə aparanda isə votsap qrupları vasitəsilə kimlərəsə məlumat ötürürlər. Bundan sonra isə bir qrup xüsusilə hərbi geyimli şəxslər, qazilər və digər vətəndaşlar bölmənin qarşısına toplaşaraq polisə də təzyiq göstərməyə çalışırlar.
Görünür ki, bu mafiya ilə mübarizə aparmaq çox çətin olacaq. Bizim hesablamalarımıza görə, indiyədək aylıq təxminən 1 milyon manatdan çox pul kimlərinsə cibinə gedir. Bu qazancı itirmək həmin şəxslər üçün çox ağır olacaq", - deyə ekspert qeyd edib.