Boksçularımızdan beynəlxalq turnirdə UĞURLU NƏTİCƏ - 22 medal

Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirə yekun vurulub.

Stopnarkotik.az xəbər verir ki, Bakı Boks Mərkəzində keçirilən yarışda Azərbaycan milli komandası ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan, Səudiyyə Ərəbistanı yığmalarının və Litvanın “Royal” klubunun 97 idmançısı qüvvəsini sınayıb. 5 gün davam edən yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Azərbaycan millisi turniri 22 medalla başa vurub. Elbrus Rzayevin baş məşqçisi olduğu komandanın heyətində Bilalhəbəşi Nəzərov, Zidan Hümbətov, Tağı Nəsibov, Məhəmmədəli Qasımzadə və Abbasqulu Şadlinski çempion tituluna yiyələniblər. Yalnız finalda uduzan Məhəmmədəli Aşurəliyev, Mircəlal Mirağayev, Ruslan Qəhrəmanov və Orxan Ağayev ikinci yerlə kifayətlənib.

Digər boksçulardan Ayaz Tağızadə, Sabir Dadaşov, Ömər Aslanlı, Tofiq Zairov, Mehrab Abbasov, Hüseyn Hacıyev, Ayxan Əliyev, Fuad Babayev, Şamil Nəcəfov, Şahin Dadaşov, Rza Novruzov, Kənan Nəcəfov və Həsən Sadıqzadə isə bürünc mükafat qazanıblar.

Beləliklə, Azərbaycan yığması turniri 5 qızıl, 4 gümüş və 13 bürünc medalla bitirib. Milli bu nəticə ilə komanda hesabında birinci olub və Abbas Ağalarov kubokuna yiyələnib. İkinci pilləni Qazaxıstan (4-5-7) tutduğu halda, “üçlüy”ü Tacikistan (2-1-1) tamamlayıb. Birincilikdə ən yaxşı boksçu adına Ruslan Qafurov (Tacikistan) layiq görülüb. Anar Nağdıyev (Azərbaycan) isə ən yaxşı hakim seçilib.