Bakıda yaşayış binasında yanğın - SAKİNLƏR TƏXLİYƏ EDİLDİ / VİDEO, YENİLƏNİB-3

Bakıda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin qüvvələri tərəfindən Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

***10:15

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib.

Stopnarkotik.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisinin böyük köməkçisi, polkovnik-leytenant Elxan Bədəlov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yaşayış binasının zirzəmisindən 22-ci mərtəbəsinə kimi şaxta boyu elektrik naqilləri yanıb:

"Yanğın məhdudlaşdırılıb. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Yanğınsöndürmə işləri zamanı binanın 12-si azyaşlı olmaqla 44 sakini təxliyə edilib. Eyni zamanda hadisə zamanı 4 nəfər təcili-tibbi yardıma zəhərlənmə barədə müraciət edib. Onlara ilkin tibbi yardım göstərilib. Yanğının başvermə səbəbləri araşdırılır. Hadisə qısaqapanma nəticəsində vaş verib. Digər mənzillər yanğından mühafizə olunub".

***09:08

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən bina sakinlərinin təxliyəsi aparılıb.

Əlavə məlumat veriləcək.

***08:50

Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

***08:24

“112” qaynar telefon xəttinə Nəsimi rayonu Rəşid Behbudov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunublar.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.