Xəbər verdiyimiz kimi, Azərbaycanda qanunsuz yaşayan əcnəbilərin ölkə vətəndaşı ilə nikaha daxil olması qadağan edilir. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur. Bildirilir ki, bu dəyişiklikləqn əcnəbilərin qanunvericiliyin verdiyi imtiyazlardan sui-istifadə etməsinin qarşısı alınacaq.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ölkəmizdə ailə quran əcnəbi qadınların da şiddətə məruz qaldığını bildirib.
“Bizə ən çox əcnəbi qadınlar müraciət edir. Onlar vətəndaşımız olan kişilər tərəfindən zorakılığa məruz qalırlar. Bu zorakılıqdan xilas olmaq istəyəndə isə uşaqlarla bağlı vəziyyət imkan vermir ki, onlar uşaqlarıyla birlikdə sərbəst şəkildə öz ölkələrinə qayıtsınlar. Yaxud da belə olan halda əksəriyyət uşaqlara görə dözüb ölkədə qalmalı olur. Yəni qarşı tərəf şəxsi qanunsuz miqrant qismində saxlayır. Onu nə qeydiyyatdan keçirir, nə də evinə qeydiyyata salır. Kişi qadının qanunsuz miqrant statusundan istifadə edib ona qarşı hər cür zorakılıq edir. Burda miqrasiya qaydalarına da riayət edilmir. Həmin ərəfədə də qadının vəziyyəti kifayət qədər araşdırılmır və o, deportasiya edilir”.
M.Zeynalova bir müddət öncə Bakıda əcnəbi qadının əri tərəfindən bıçaqlandığını bildirib:
“Bu yaxında əcnəbi vətəndaş olan qadın əri tərəfindən 5 bıçaq zərbəsi alsa da, ekspertiza bunu yüngül xəsarət kimi qiymətləndirdi. Zorakılığın uşaqların gözü qarşısında baş verməsinə baxmayaraq, ata uşaqlarını götürüb özüylə apardı və heç kim buna ciddi yanaşmadı. Yalnız QHT məsələyə müdaxilə etdikdən sonra nəzarətə götürüldü. Demək istəyirəm ki, ölkədə qalmaq istəyən şəxslərin nikaha daxil olmasının qarşısını almaqla yanaşı, miqrant ailələrin qeydiyyatı və həmin ailələrlə sosial dəstək proqramları ilə bağlı məsələlər də qanuna əlavə edilməlidir”./bakupost.az