Bakıda qəzalı binalar sökülür: mənzil bazarında qiymətlər bahalaşır?

Qəzalı binalarla yanaşı paytaxtda artıq istismar müddətini bitirmiş binalar da kifayət qədərdir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Trend-ə əmlak məsəslələri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, hazırda həmin binalar tədricən pilot layihələr üzərindən sökülür və tədricən tikilir.

"Bu proses davam eləyir. Ümumi götürsək istismar müddətini başa veran binalar qəzalı yox ömrünü başa vurmuş binalardır. Paytaxtda qəzalı binaların da sayı kifayət qədərdir. Belə binalar ən qısa zamanda sökülməli ya da və yaxud söküləcəyi günə qədər həmin binalarda təmir bərpa işləri aparılmalıdır. Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə 2016-cı ildən Bakıda istismar müddətini bitirmiş binaların sökülməsi, yeni binalarla əvəzlənməsi prosesinə başlanıldı. Həmin ildən bəri Bakıda çox sayda bina sökülüb və yeniləri tikilərək vətəndaşlara təhvil verilib".

E.Fərzəliyev deyib ki, belə binalar dövlətin hansısa qurumu tərəfindən deyil əsasən bina tikən şirkətlər tərəfindən sökülür.

"Tikinti şirkətləri də belə yerdə bina tikəndə əsasən alıcı qüvvəsinə, həyətyanı sahənin böyüklüyünə və binada sakin sayının azlığını əsas götürürülər. Bəzi hallarda sakinlər tərəfindən də tikinti şirkətlərinə qarşı müəyyən problemlər yaradılır. Lakin çox vaxt biz görürük ki, sakinlər şirkətdən daha böyük mənzil tələb edirlər. Bu da uzunmüddətli qalmaqala və tikintinin gecikməsinə gətirib çıxarır. Belədə də tikintinin sökülməsinin yubanması baş verir. Binanı sökən və həmin binada mənzili olan şəxslərlə bağlı qanun layihəsi hazırlanmalıdır."

Müsahibimiz bildirib ki, qəzalı binaları sökən tikinti şirkətləri üçün də müəyyən güzəştlər tətbiq olunmalıdır ki, işlər yubanmasın.

"Belə ki, həmin şirkətlərə müəyyən vergi güzəştləri edilməli, ipoteka kreditləri ayrılmalıdır.Sökünütü səbəbindən paytaxtda köhnə binalardakı mənzillərin qiyməti bahalaşıb. Bu hələdə davam etməkdədir. Bunun da əsas səbəbi həmin binaları sökən şirkət mənzil sahibinə daha böyük və təmirli mənzil verir", - deyə ekspert qeyd edib.