Bakıda klinikadan külli miqdarda botoks oğurlandı

Bakı şəhər Yasamal rayonu İ.Qurtqaşınlı küçəsində yerləşən “Laser beauty” estetik klinikasından 7600 manatlıq botoks preparatları oğurlanıb.

Klinikanın anbardarı olan 1999-cu il təvəllüdlü Rüxsarə Əliyeva barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq) maddəsi ilə açılmış iş məhkəməyə göndərilib.

Bildirilib ki, klinikada qeyri-rəsmi şəkildə anbardar işləmiş Rüxsarə müxtəlif vaxtlarda soyuducuda şprislərdə saxlanılan «Juvedrm 3», «Juverdm 4», «Juverdm smail», «Hiyaldev», «Jador kiss», «Jador deep» markalı botoksları gizli talayıb.

Lakin R.Əliyeva ittihamı qəbul etməyib. O bildirib ki, botoks şprislərini tabe olduğu Gülnarə adlı işçinin tələbi ilə anbardakı soyuducudan çıxararaq klinikanın mətbəxindəki soyuducuya yerləşdirib və daha sonra həmin preparatlar Gülnarə tərəfindən götürülüb.

Rüxsarə Əliyeva barəsindəki işin materiallarına Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmədə Gülnarə adlı klinika əməkdaşı R.Əliyevanın dediklərinin böhtan olduğunu bildirib.

Həmçinin məlum olub ki, R.Əliyevanı həmin klinikaya Gülnarə özü işə düzəldib və gündəlik olaraq özü işə aparıb-gətirirmiş.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə R.Əliyeva oğurluqda təqsirli bilinib. Ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib./"qafqazinfo"