Bakıda həbs edilən qadın narkotacirin məhkəməsi başlayır

Bakıda narkotikin qanunsuz dövriyyəsində təqsirləndirilən Elnarə Əliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Rəsmi məlumata əsasən, bu ilin martında “Papanin” və “Kubinka”da narkotik vasitələrin satışı, eləcə də gənclər arasında təbliği ilə məşğul olan daha 8 nəfər saxlanılıb.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib. Tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 8 nəfər – Elnarə Əliyeva, Ələkbər Abuzərov, Cavad Quliyev, Nəcməddin Mehdiyev, Rüfət Quliyev, Zöhrab Dadaşbalayev,Vaqif Abdullayev və Ədalət Həsənov saxlanılıblar. Həmin şəxslərdən külli miqdarda heroin, tiryək, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkarlanıb. Saxlanılanlar narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əməliyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib. Həbs edilən digər 7 nəfərin cinayət işi ayrıca icraata verilib.