İyulun 1-dən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara (Bakı-Sumqayıt-Bakı) kağız biletlərin satışını dayandıracaq.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ADY-dən bildirilib.
Məlumata görə, məqsəd rəqəmsal ödənişlərin genişləndirilməsi, köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınmasıdır. Müvafiq marşrut üzrə qatarlarda gediş NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə təmassız və rahat şəkildə həyata keçirilə bilər.
ADY-yə məxsus gediş kartlarını Abşeron dairəvi dəmir yolu marşrutu üzrə fəaliyyət göstərən bütün stansiyaların kassalarından əldə etmək olar. Kartın qiyməti 2 manatdır.
Sərnişinlər ADY gediş kartlarından istifadəni dayandırdıqları təqdirdə kartları kassalara təhvil verməklə kart üçün ödənilmiş və balansda olan məbləği geri ala bilərlər.