Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək

Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti yanacaq partiyası göndəriləcək.

Stopnarkotik.az xəbər verir ki, 16 vaqon dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur.

Qeyd edilən həcmdə dizel yanacağı bu gün - dəmir yolu ilə Azərbaycandan yola salınacaq.

Qeyd edək ki, aprelin 14-də Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunub.

Aprelin 11-də isə Azərbaycandan Ermənistana 15 vaqon (887 ton) dizel yanacağı yola salınıb. İndiyədək Azərbaycandan Ermənistana 6312 ton dizel (sonuncu tədarük daxil), 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.

Dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərib.

9 yanvar 2026-cı ildə Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı yola salınıb.

Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.

Fevralın 25-də isə Azərbaycandan Ermənistana 4 500 ton dizel yanacağı, martın 5-də 1 984 ton dizel yanacağı ilə yüklənmiş 31 vaqon və 135 ton Rusiya gübrəsi ilə yüklənmiş iki vaqon, martın 9-da Rusiya taxılı ilə yüklənmiş 7 vaqondan ibarət yük qatarı, martın 11-də isə ümumi çəkisi 1 023 ton (netto – 770 ton) olan 11 vaqonda taxıl göndərilib.

Martın 24-də ümumi çəkisi 271 ton olan 4 vaqon gübrə və 68 ton ağırlığında bir vaqon qarabaşaq yarması göndərilib.

Martın 25-i 5 vaqondan ibarət, çəkisi 350 ton olan buğda göndərilib.