BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizdə uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığına dair vəziyyətin təhlilinə həsr olunmuş dəyirmi masa keçirilib.
Stopnarkotik.az xəbər verir ki, giriş sözü ilə çıxış edən UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Haykens vurğuladı ki, iqlim dəyişikliyi, bunun uşaqlara təsiri və ətraf mühit sağlamlığına aid məsələlər təmsil etdiyi təşkilatın fəaliyyətinin prioritet sahələrindən biridir. Onun sözlərinə görə, Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə 2023-cü ilin mart-iyun aylarında bir qrup milli ekspert tərəfindən ölkəmizdə uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığı məsələlərinə dair çevik qiymətləndirmə aparılıb: “Aparılmış qiymətləndirmənin nəticələri, o cümlədən müvafiq problemlərin potensial həlli yollarını müzakirə etmək üçün dəyirmi masa təşkil olunub”.
Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov dəyirmi masanın əhəmiyyətli mövzuya həsr edildiyini vurğuladı. Onun sözlərinə görə, səhiyyə siyasətini formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı olaraq Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığına yanaşmada praktiki mövqeyin tərəfdarı və təşviqatçısıdır. Nazir müavini əhalinin sağlamlığının qiymətləndirməsi ictimai səhiyyənin əsas istiqamətlərindən biri olduğunu bildirdi. İ.Qasımov ekoloji təhlükələrin insan sağlamlığına birbaşa və dolayı təsirlərindən də bəhs etdi.
Dəyirmi masada həmçinin Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri Şəhla Balayeva, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Erkin Rəhimov, ATU-nun I daxili xəstəliklər kafedrasının dosenti, Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri İsmayıl Əfəndiyev və digərləri çıxış ediblər.
Tədbirdə aparılmış təhlillərin nəticələri (əsas ekoloji problemlər, səhiyyə sisteminin təhlili, uşaqların ətraf mühit təhlükələrinə məruz qalması, havanın çirklənməsi və s.) ilə bağlı təqdimatlar edilib və müzakirələr aparılıb.
Stopnarkotik.az