Azərbaycanda demoqrafik vəziyyət təhlükəli həddə çatıb. Hər il doğulan uşaqların sayı azalmaqda davam edir. Statistik rəqəmlərə görə, uşaqların sayı il ərzində 180 midən 60 minə enib.
Vaxti ilə 5-10 arasında dünyaya uşaq gətirən Azərbaycan ailələinin indi uşaq istəməsinin səbəbləri nədir?
İqtisadçı Akif Nəsirli bildirib ki, ailələrdə uşaq sayının azalmasının bir neçə səbəbi ola bilər:
"Bu, adətən tək bir amillə izah olunmur. Əsas faktorlar arasında iqtisadi vəziyyət, ailələrin gəlir səviyyəsi, mənzil və həyat xərclərinin artması, şəhərləşmə və insanların həyat tərzinin dəyişməsi yer alır. Bir çox ailə daha az uşaq sahibi olmağı seçir, çünki təhsil, səhiyyə və gündəlik xərclər daha yüksəkdir".
Ekspertin fikirincə, uşaqpulu və ya sosial müavinətlər bu prosesə müəyyən təsir göstərə bilər:
"Amma adətən həlledici faktor olmur. Yəni, müavinətlərin artırılması və ya azaldılması doğum sayına təsir edə bilər, amma demoqrafik dəyişikliklərin əsas səbəbi deyil. Daha çox uzunmüddətli iqtisadi sabitlik, iş imkanları və sosial təminat sistemi rol oynayır. Həmçinin şəhərlərə köç, gec ailə qurma tendensiyası və təhsil müddətinin uzanması da doğum səviyyəsini azaldan ümumi qlobal meyllərdir. Buna görə də belə dəyişiklikləri yalnız bir səbəblə, məsələn, uşaq pulu ilə izah etmək düzgün olmaz".
Sosioloq Mail Yaqub problemin çox ciddi olduğunu vurğulayıb:
"Xüsusi ilə də vəziyyət son 5-6 ildə sürətlənib. Bunun bir səbəbi uşaqpuludur. Amma digər səbəblər də var. Müasir insanlar ya ailə qurmağı sevmirlər, ya da ailə qurandan sonra çox uşaq istəmirlər. Onların həyata baxışı dəyişib. İndi 3 uşağın olduğu ailələr çox azdır. Bu baxışı dəyişdirmək lazımdır. Necə edək? Uşaqpulunun verilməsi problemin həllində ciddi addım ola bilər. Amma digər məsələlər də var. Məsələn, sosial şəbəkələrdə özünü qadınlaşdıran, qızlaşdıran gənc oğlanlarla bağlı sərbəst təbliğat sürətlə yayılır. Anlamıram, əgər bizdə demoqrafik problem varsa, azalma görünürsə, bu kimi əxlaqsızlığı yayanların qarşısı niyə alınmır? Bəs bizim milli dəyərlərimiz? Bütün bunlar demoqrafik problemi sürətləndirir, gənc oğlanlarda kişi, ata olmaq meylini azaldır".
Sosioloq bu məsələlərə ciddi baxmağı tövsiyyə edib:
"Bu yaxınlarda Prezident rayonlara səfər etmişdi. Prezidentin 6 uşaqlı ata ilə görüşü yaxşı bir nümunədir. Dövlətin də baxışı əhalinin artmasına yönəlib. Vəziyyət çox ciddidir. Belə getsə bizdə də Avropa ölkələri kimi əhali sayı kəskin azalacaq. 20-30 il ərzində azalma müşahidə olunacaq. Bu barədə beynəlxalq təşkilatların hesabat var idi ki, əgər vəziyyət belə davam edərsə, 2100-cü ildə Azərbaycan əhalisinin sayı 8 milyona düşəcək".
Mail Yaqub bunun qarşısının alınması yollarından da danışıb:
"Uşaqpulunun verilməsi, ailə təbliğatının gücləndirilməsi, çoxuşaqlı ailə modelinin tətbiqi, bu mövzuda serialların, filmlərin çəkilməsi və təbliğatın aparılması lazımdır. Çoxuşaqlı ailə kriteriyalarının 5 uşaqdan 3 uşağa endirilməsi də Milli Məclisdə müzakirə olunur. Bunlar çox vacibdir və görülməlidir, yoxsa vəziyyət yaxşı olmayacaq"./"qaynarinfo"