Azərbaycanda bu il qış sərt keçəcək? - AÇIQLAMA

"Ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar olaraq bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər versə də, bu, hansısa konkret bir ölkədəki fəsillik hava durumu haqqında dəqiq fikir bildirməyə əsas vermir".

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, uzunmüddətli hava məlumatları vermək fərziyə xarakterlidir və qışın necə keçməsi haqqında belə proqnozlar adətən Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Regional iqlim mərkəzlərinin (Avropa Ortamüddətli Proqnozlar Mərkəzi - ECMWF) fəsillik proqnozlarına əsasən hazırlanır.

"Amma qısamüddətli və ortamüddətli proqnozlardan fərqli olaraq, daha uzun dövrü əhatə edən fəsillik hava proqnozunun dəqiqliyi nisbətən az olur."

O əlavə edib ki, biz öz tərəfimizdən payız fəslinin sonunda qışın 1-ci ayı olan dekabr ayı üçün ictimaiyyətə rəsmi proqnoz təqdim edəcəyik.