Asılılığa aparan depressiyanın qaynağı nədir? - ARAŞDIRMA

Narkomaniya, alkoqolizm, qumar kimi pis vərdişlərin tətikləyicisi olan asılılıq üzərinə xeyli sayda ekspertlərin rəyləri, fikirləri, o cümlədən də bir sıra araşdırmalar mövcuddur. Asılılıq haqqında araşdırmalar əsasən qərb dərgilərində yayınlanır. Bu qəbildən daha bir araşdırma yeniyetməlik dövründə köklü depressiv pozğunluqla endokannabinoid sisteminin tarazlığının pozulması arasında əlaqəni təsdiqləyir.

Stopnarkotik.az xəbər verir ki, bu mövzuda aparılan “hal-müşahidə” araşdırması, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təxminən 23 milyon uşaq və gəncin əziyyət çəkdiyi, "yeniyetmələrdə əlilliyin əsas səbəblərindən biri" olan əsas depressiv pozğunluğun qarşısının alınması və müalicəsində endokannabinoid sisteminin önəminə işıq salır.

"Köklü depressiv pozuntulu yeniyetmələrdə plazma endokannabinoid və oksilipin səviyyələrində dəyişikliklər: hal-müşahidə tədqiqatı" adlı tədqiqat ötən ay dərc edilib. İsveçrədəki Sürix Universitetinin Uşaq Xəstəxanasının ölkədəki digər pediatrik tədqiqat mərkəzləri və Böyük Britaniyanın London Kral Kolleci ilə birgə apardığı araşdırma ortaya çıxardı ki, depressiv pozğunluğu olan yeniyetmələrdə omeqa-3 və omeqa-6 yarıdoymamış yağ turşularının əmələ gətirdiyi oksilipin və endokannabinoidlər daha aşağı səviyyədə olur. Omeqa-3 ilə omeqa-6 isə depressiyanı törədən iltihabı və stressi azaltmağa kömək edir.

Depressiya diaqnozu qoyulmuş 82 gəncin plazmasını təhlil etdikdən sonra tədqiqat qrupu aşkarlayıb ki, onlarda bu iki molekulun-omeqa-3 və omeqa-6-nın, xüsusən də DHA törəmələrinin (beyin üçün vacib olan omeqa-3 növü) nəzarət qrupundakı gənclərlə müqayisədə xeyli dərəcədə çatışmazlığı var.

Oksilipinlər iltihabı nəzarətdə saxlamaq üçün bədən tərəfindən istehsal olunan siqnal molekullarıdır; Endokannabinoidlər isə bütün məməlilər və digər növlərin orqanzimində istehsal olunan maddələrdir və bitkilər tərəfindən istehsal olunan kannabinoidlərlə eynidir. Endokannabinoidlər həyati funksiyalarımızın tarazlığını saxlamağa kömək edir və əhval-ruhiyyəni, yuxunu, iştahanı tənzimləmək, həzz və bəyənilmə, mükafatlandırma duyğusunu almaq üçün əsasdır. Məsələn, depressiyaya düşmüş gənclər arasında “anandamidin”- "xoşbəxtlik molekulu" adlanan endokannabinoid neyrotransmitter səviyyəsi nəzarət qrupundakı gənclərə nisbətən 14% aşağı olub. DHEA hormonuna gəldikdə, müşahidə edilən azalma 22%, yağ turşusu EPA-da isə 14% olub. Dehidroepiandrosteron-DHEA, böyrəküstü vəzilərin qabıq hissəsindən ifraz olunan steroid hormondur, həm kişilərdə, həm də qadınlarda olur. DHEA bədəndə kişi hormonlarına-androgenlərə və qadın hormonlarına-estrogenlərə) çevrilərək təsir göstərir, testosteron və estrogen istehsalı üçün tikinti materialı təmin edir. Buna görə də, DHEA "gənclik hormonu" adlanır; onun səviyyəsi yetkinlik dövründə artır və orta yaşdan etibarən azalmağa başlayır. Lakin, DHEA-nın yeganə funksiyası yalnız cinsi hormonlara çevrilmək deyil; həmçinin immun sisteminə, dəri sağlamlığına və enerji səviyyələrinə dolayı təsir göstərir.

Müəlliflər izah edirlər ki, bu pozğunluğun səbəbləri hələ tam başa düşülməsə də, halların təxminən 40%-nin genetik mənşəli ola və immun reaksiyalarının pozulması, stress kimi digər amillər də iştirak edə bilər.

“PubMed” endokannabinoid sisteminin tarazlığının pozulması ilə depressiya arasındakı əlaqəyə dair 100-dən çox tədqiqatı sadalayır və demək olar ki, bütün tədqiqatlar oxşar nəticələr göstərib ki, bu da bu xəstələr üçün yeni terapevtik yol təklif edir. Bu yeni yol çətənədən hazırlanmış qidalar ola bilər. Lakin, bu maddələrin təsir mexanizmləri göstərir ki, düzgün qidalanma əsas rol oynaya bilər, çünki omeqa-3 və omeqa-6 qəbul edilən yağ turşularından sintez olunur və sonra endokannabinoid sisteminin modulyasiyasına, əhval-ruhiyyənin tənzimlənməsinə mane olur.

Tədqiqatçılar inanırlar ki, burada təqdim olunan fizioloji və bioloji mexanizmləri rədd etmədən zehni sağlamlığa vahid yanaşma vacibdir. Yeri gəlmişkən, bir daha vurğulayaq ki, çətənə toxumu omeqa-3 və omeqa-6 yağ turşuları, zülal, E vitamini və minerallarla zəngindir, sağlamlıq üçün çox faydalıdır. Yuxarıda qeyd olunduğu kimi, omeqa-3 ilə omeqa-6 yağlarının çatışmazlığı orqanizmdə dolayısı ilə iltihaba səbəb olur. Çünki omeqa-3 ilə omeqa-6 çatışmazlığı oksilipin və endokannabinoidlərin səviyyəsini aşağı salır. Yəni omeqa-3 və omeqa-6 çatışmazlığı oksilipin və endokannabinoid çatışmazlığı əmələ gətirir, nəticədə stress və beyində iltihab yaranır. Bu da depressiyaya yol açır və yeniyetmələr, gənclər depressiya pozğunluğunun qarşısını almaq üçün narkotikə, qumara, alkoqola əl atır. Nəticə pis vərdişin asılılığa çevrilməsi olur. Deyilənlərin yekununda belə bir sual meydana çıxır-depressiya pozğunluğunun təməlində duran stress və iltihabın qarşısını almaq üçün omeqa-3 və omeqa-6 yağ turşuları ilə zəngin olan çətənə bitkisini qidalarımıza qaytarmağa, çətənədən hazırlanan qidaların rasionumuza qatmağa dəyməzmi? Halbuki, çətənə bitkisi omeqa-3 ilə omeqa-6 ilə yanaşı zülal, E vitamini və bir sıra minerallarla zəngindir. Onsuz da qidaların təbiiliyini itirməsilə əhalimiz qida terroru ilə üz-üzədir. Ölkələrin çoxu çətənənin faydalarından yararlanmaq tendensiyasına qoşulublar. Bəs biz nəyi gözləyirik...?

Bir daha xatırladaq ki, insan orqanizminin özünün ifraz etdiyi endokannabinoidlər çətənə bitkisinin  istehsal etdiyi kannabinoidlərlə eynidir. İnsan orqanizmində endokannabinoid istehsalı bəzi səbəblərdən azalarsa, onu çətənə kannabinoidi ilə əvəz etmək olar. Xüsusilə də ona görə ki, çətənənin tərkibindəki omeqa-3 və omeqa-6 orqanizmdəki endokannabinoid və oksilipin çatışmazlığını bərpa edəcək, o cümlədən çətənədəki kannabinoidlər insanın Endo-Kannabinoid Sistemindəki endokannabinoid çatışmazlığını bərpa edəcək. Deməli, uşaqlar və gənclər stress və beyin iltihabına məruz qalmayacaq.  Nəticədə onların depressiya pozğunluğunun qarşısını narkotik vasitələrlə, sintetik opioidlərlə almasına ehtiyac qalmayacaq, asılılığın səviyyəsi aşağı düşəcək, narkomaniya, alkoqolizm, qumar kii pis vəridişlər öz-özünə azalacaq. Əgər ölkəmizdə tibbi tədqiqatların aparılması üçün maddi-texniki baza varsa, xarici ölkələrdə keçirilən təcrübələri özümüz də keçirə bilərik. Beləliklə, biz nəyi gözləyirik?

Ülviyyə ŞÜKÜROVA   

Stopnarkotik.az