ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinin bombalanmasını Ağ evdən canlı izləyib.
Qeyd edək ki, ABŞ administrasiyası bununla bağlı fotolar yayıb.
Donald Trampla bərabər vitse-prezident Ceyms Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Hegset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklif və Ağ Evin administrasiya rəhbəri Syuzi Uayls da əməliyyatın gedişatını izləyiblər.

***09:25
ABŞ İranda Fordo nüvə obyektinə 6 ədəd “B-2” bombardmançı təyyarə ilə 12 sığınacaq əleyhinə bomba ilə zərbə endirib.
Bu barədə CNN məlumat yayıb.
Natanz nüvə obyektinə isə 2 bomba atılıb.
Eyni zamanda sualtı qayıqlardan Natanz və İsfahandakı nüvə obyektinə 30 qanadlı TLAM raketi ilə zərbə endirilib.
***07:51
İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-ın İrana zərbə endirməsindən sonra həmvətənlərinə müraciət edib.
O, İranın nüvə obyektlərini məhv etmək vədinin yerinə yetirildiyini bildirib.
"Əziz İsrail vətəndaşları, qardaşlarım və bacılarım, "Şir kimi insanlar" əməliyyatı zamanı biz birlikdə İsrail tarixində görünməmiş nailiyyətlər əldə etdik. Yadınızdadır ki, əməliyyatın əvvəlindən mən sizə söz vermişdim ki, İranın nüvə obyektləri bu və ya digər şəkildə məhv ediləcək", - o deyib.
Hökumət başçısı zərbələrin İsrail və ABŞ ordusu arasında koordinasiyası ilə həyata keçirildiyini bildirib.
Netanyahu bu proqramın İsrailin varlığını, eləcə də dünyada sülhü təhdid etdiyini vurğulayıb.
***06:22
"ABŞ İranın uranı zənginləşdirən obyektlərini tamamilə məhv edib."
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdən müraciəti zamanı bildirib.
"Bu gecə mən dünyaya deyə bilərəm ki, bu zərbələr möhtəşəm hərbi uğurdur. İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektləri tamamilə məhv edilib", - Tramp deyib.
"İndi İran sülh bağlamalıdır", - deyən Tramp İranda "hələ çox hədəf qaldığını" və sonrakı hücumların daha da dağıdıcı ola biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç ən böyük nüvə obyektini bombalamasından iki saat sonra xalqa müraciət edib.
O, Fordo, Natanz və Isfahanın "görkəmli hərbi uğur" nəticəsində tamamilə məhv edildiyini bildirib.
"Belə davam edə bilməz. İran üçün ya sülh, ya da faciə olacaq", - Tramp vurğulayıb.
O, ABŞ və İsrail hərbçilərinə təşəkkür edib.
"Bu gün etdiyimizi başqa heç bir ordu edə bilməzdi", - ABŞ lideri qeyd edib.
Trampın çıxışı bir neçə dəqiqə davam edib.
***06:05
ABŞ-ın İranın Fordodakı yeraltı uranın zənginləşdirilməsi obyektinə endirdiyi zərbə radiasiyanın yayılmasına və ya nüvə partlayışına səbəb olmayacaq.
Bu barədə ABŞ-ın “NBC News” telekanalı nüvə təhlükəsizliyi üzrə ekspertlərə istinadən məlumat yayıb.
Onların fikrincə, bombardman nəticəsində obyektin işçiləri böyük ehtimalla xəsarət alıb. Lakin hücum nüvə partlayışı və ya iri miqyaslı radiasiya və ya kimyəvi maddələrin yayılmasına səbəb olmayacaq.
“Bu, Fordoda nüvə reaktorları və ya döyüş başlıqları olsaydı baş verə bilərdi. Lakin beynəlxalq müşahidəçilər və ekspertlər bunun belə olmadığını düşünürlər”, - telekanal qeyd edib.
***05:59
ABŞ İranın əsas nüvə obyektlərinə zərbələr endirmək üçün bunker əleyhinə bombalar və “Tomahawk” qanadlı raketlərindən istifadə edib.
Bu barədə “Fox News” məlumat yayıb.
Məlumata görə, əvvəllər ikisinin kifayət edəcəyi güman edilsə də, B-2 gizli bombardmançılarından Fordodakı çox məxfi yeraltı kompleksə beş-altı güclü bomba atılıb.
Qeyd edək ki, Fordodan başqa İsfahan və Natanzda daha iki nüvə obyekti də hücuma məruz qalıb.
“Fox News”un məlumatına görə, hədəflərdən təxminən 400 mil məsafədə yerləşən sualtı qayıqlardan onlara 30-a yaxın “Tomahawk” raketi atılıb.
***03:52
ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə uğurla hücum edib, bütün təyyarələr öz hava bazalarına qayıdıb.
Bu barədə ABŞ prezidenti Donald Trampın “Truth” hesabında məlumat verib.
"Biz İranın üç nüvə obyektinə, o cümlədən Fordo, Natanz və İsfahana yüksək uğurlu hücumumuzu başa çatdırdıq. Bütün təyyarələr hazırda İranın hava məkanından kənardadır. Bütün təyyarələr sağ-salamat evlərinə qayıdırlar", - Tramp yazıb.