30-dan çox ölkənin baş prokuroru Bakıdakı konfransda toplaşacaq - HEYDƏR MƏMMƏDOV AÇIQLADI

95 ölkədən 500-ə yaxın prokuror paytaxtda təşkil olunan konfransda iştirak edəcək.

Stopnarkotik.az xəbər veirr ki, bu sözləri Baş prokurorun müavini Heydər Məmmədov mediaya müsahibəsində bildirib.

Heydər Məmmədov bildirib ki, 177 ölkə üzrə 350 mindən artıq üzvü olan dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı - Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) hər ilin sentyabr ayında İllik Konfransı və Ümumi Yığıncağı dünyanın müxtəlif ən aparıcı dövlətlərinin şəhərlərində keçirilir.

Təşkilatın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının 28 sentyabr-2 oktyabr tarixlərində paytaxt Bakı şəhərində keçirilməsinin dövlətimiz üçün müstəsna tarixi əhəmiyyətə malik olduğunu vurğulayan Baş prokurorun müavini qeyd edib ki, müxtəlif ölkələrin Baş prokurorları və digər yüksək vəzifəli şəxsləri də daxil olmaqla 95 ölkədən 465-dən artıq iştirakçı və onları müşayiət edən 40 nəfərdən çox ailə üzvləri qeydiyyatdan keçib.

Ölkəmizdə keçiriləcək bu mötəbər tədbirin beynəlxalq əlaqələndirmə platforması olduğunu bildirən Heydər Məmmədov 30-dan çox dövlətin Baş prokurorlarının, 20-dən çox dövlətin məhkəmə-hüquq sisteminin müxtəlif qurumları və nüfuzlu beynəlxalq təşkilat rəhbərlərinin də iclasa qatılacağını vurğulayıb.

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının çoxsaylı qlobal və regional təşəbbüslərdə fəal iştirak etdiyini, beynəlxalq münasibətlərin möhkəmləndirilməsi məqsədilə kompleks işlər görüldüyünü qeyd edən Heydər Məmmədov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 zamanı da qurum tərəfindən “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil ediləcəyini bildirib.