Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində ağırçəkili nəqliyyat vasitələrinin hərəkəti xüsusi diqqətdə saxlanılır. Bu kateqoriyaya aid nəqliyyat vasitələrinin normativ tələblərə uyğun istismarı, ilk növbədə, yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunmasına xidmət edir.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ağırçəkili nəqliyyat vasitələrinin normadan artıq yüklənməsi onların idarə olunmasını çətinləşdirir, əyləc məsafəsini artırır və qəza riskini yüksəldir.
Bu kimi hallar digər hərəkət iştirakçıları üçün real təhlükə yaradır və ümumi hərəkət mühitinə mənfi təsir göstərir.
Eyni zamanda, ümumi istifadədə olan avtomobil yollarının qorunması və yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasının qarşısının alınması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müasir elektron tərəzi sistemləri tətbiq olunur. Bu sistemlər vasitəsilə normadan artıq yüklənmiş nəqliyyat vasitələri müəyyən edilərək qanunvericiliyə uyğun tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş birgə açıqlamada qeyd olunub ki, normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin hərəkəti, eləcə də bu kimi nəzarətdən yayınma cəhdləri yol hərəkəti təhlükəsizliyinə ciddi təhdid yaratmaqla yanaşı, yol infrastrukturuna da ziyan vurur və belə hallara qarşı nəzarət tədbirləri davam etdirilir.
Müşahidələr zamanı bəzi hallarda sürücülər tərəfindən elektron tərəzilərə yaxın ərazilərdə riskli manevrlərin edilməsi, dövlət qeydiyyat nişanlarının örtülməsi və digər oxşar qanunazidd üsullarla nəzarətdən yayınmağa cəhdlər qeydə alınır ki, bu da digər hərəkət iştirakçıları üçün əlavə təhlükə yaradır.
Belə hallardan biri 22 aprel 2026-cı il tarixində saat 15:50 radələrində Bakı–Qazax avtomobil yolunun 330-cu kilometrliyində qeydə alınmışdır.
Belə ki, “Kamaz” markalı, 25 BD 868 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Məmmədov Elvin Məlik oğlu elektron tərəzi qurğusunun yerləşdiyi yol sahəsinə yaxınlaşarkən nəzarətdən yayınmaq məqsədilə nəqliyyat vasitəsini sağa çəkərək yolun hərəkət hissəsindən çıxarmış, yolun çiyni ilə hərəkət etməyə cəhd göstərmiş, bu zaman isə beton arakəsmələrə ziyan vurub.
Sürücünün qanunazidd hərəkətləri müşahidə kameraları vasitəsilə aşkar edilmiş, nəqliyyat vasitəsi dərhal Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Fakt üzrə sürücü inzibati məsuliyyətə cəlb edilib.
Yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bir daha diqqətinə çatdırılır ki, nəqliyyat vasitələrinin normativ tələblərə uyğun yüklənməsi və yol hərəkəti qaydalarına riayət olunması hərəkət təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən mövcud qaydalara ciddi əməl edilməsi xahiş olunur.