Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Taleh Bərxudarov saxlanılaraq şöbəyə gətirilib.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Onun üzərində aparılan müvafiq axtarış zamanı əlindəki sintetik torbadan 1 ədəd "Kalaşnikov-AK74" markalı avtomat, həmin silaha məxsus daraq və 3 ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa, polis əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Yevlax rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 10 nəfər saxlanılıb.
Onlardan ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.