XİN-dən 4 kəndin qaytarılması ilə bağlı AÇIQLAMA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" platformasında bildirib.

"Çoxdan gözlənilən tarixi hadisə: Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının nəticəsi olaraq Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib", - XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.